Xəbərlər


GGİ-nin 2021- ci İLDƏKİ ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİ ÜZRƏ HESABATI DİNLƏNİLİB


28 dekabr 2021-ci il

AMEA Yer Elmləri Bölməsi və Geologiya və Geofizika İnstitutu Elmi şuralarının GGİ-nin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin hesabatına həsr olunmuş birgə iclası keçirilib. Tədbir il ərzində dünyasını dəyişmiş GGİ əməkdaşlarının – akademik Hətəm Quliyevin, g-m.e.d., professor Fərid Dadaşovun, f-r.e.d. Oqtay Babazadənin, g-m.e.n. Aliyə Babazadənin, g-m.e.n. Elza Əfəndiyevanın, g-m.e.n. Solmaz Ağayevanın, g-m.e.n. Aliyə Əzizbəyovanın və g-m.e.n. Tamilla Saracalinskayanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayib.

İclası idarə edən AMEA Yer Elmləri Bölməsinin Elmi Şurası sədrinin müavini akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələləri elan etdikdən sonra məruzə üçün sözü İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynova verib.

D.Hüseynov hesabat məruzəsinə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində Geologiya və Geofizika İnstitutunun əməkdaşları tərəfindən “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət proqramı layihəsinin hazırlanması ilə başlayıb. Bildirilib ki, bu sənədin layihəsi AMEA-nın Biologiya və Tibb Elmləri bölməsinin nəzdindəki elmi müəssisələrlə, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvəflər Nazirliyi, Fovqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərkosmos” ASC, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə razılaşdırılıb və yeni təkliflər əlavə edilib. Sözügedən Dövlət Proqramının layihəsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək 20 noyabr 2020-ci il tarixli 18/1 nömrəli Qərarı ilə qəbul edilib. Proqramın layihəsinin təsdiq olunması ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılıb. Natiq həmçinin bir sıra digər Dövlət proqramlarının icrası ilə bağlı məlumatları səsləndirib.

D.Hüseynov GGİ-də 2021-ci ildə elmi-tematik plan üzrə tədqiqatların 11 mövzunu və 14 elmi-tədqiqat işini əhatə etməklə 5 problem üzrə aparıldığını diqqətə çatdırıb. Fundamental elmi-tədqiqat işlərindən danışan D.Hüseynov bildirib ki, İnstitutun təşəbbüsü iləAMEA-nın bir sıra elmi müəssisələrinin – Geologiya və Geofizika, Coğrafiya, Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Tarix İnstitutlarının və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universiteti alim və mütəxəssislərinin cəlb olunduğu bir qrup kollektiv tərəfindən Azərbaycan Respublikasının təbii sərvətlərlə zəngin regionlarından biri olan Qarabağın təbii müxtəlifliyinə həsr edilmiş “Qarabağın təbii ehtiyatları atlası” (miqyas 1:770 000) hazırlanaraq çapa təqdim edilib.

Müdafiə tematikası – “Qarabağ ərazisinin geologiyası və geofiziki sahələri (yeni məlumatlar əsasında)” mövzusu üzrə elmi-tədqiqat işlərindən bəhs edən natiq işğaldan azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətinin təftiş edilməsi, təbii ehtiyatlarının qiymətləndirilməsi, müasir texnologiyadan istifadə etməklə geologiya və geofizika istiqamətlərində tədqiqatlar 3 elmi-tədqiqat işinin proqram çərçivəsində aparılmasını vurğulayıb. Eləcə də nəzərə çatdırıb ki, Qarabağın azad edilmiş ərazilərində bu il elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 2 mühüm elmi nəticə alınıb. Belə ki, Cənubi Xəzər hövzəsində akkresiya prizmasının süxur-flüid sisteminin fiziki və izotop-geokimyəvi xassələrinin və termobarik şəraitinin kompleks tədqiqatları əsasında onun məkanca heterogenliyi müəyyən edilib. İkinci isə yeni metodiki yanaşmanın tətbiqi ilə regionun tarixi-təbii irsinin müasir vəziyyətini və inkişaf qanunauyğunluğunu əks etdirən, təbiət elmlərinin müxtəlif sahələri (geologiya, coğrafiya, botanika, zoologiya və s.) üzrə əlavə mətn yüklü tematik xəritələr toplusu şəklində “Qarabağın təbii ehtiyatları Atlası” ilk dəfə hazırlanaraq nəşr edilib.

İnstitutun Beynəlxalq elmi əlaqələri barədə məlumatlar, Geologiya və Geofizika İnstitutu və Massaçusets Texnologiyalar İnstitutunun (ABŞ) birgə səyi nəticəsində yaranan “Yer səthinin müasir geodinamikası və geoloji təhlükələr” Beynəlxalq laboratoriyasında (akademik F.Ə.Qədirov, prof. R.Reilinger) tədqiqat işlərinin davam etdirilməsi və digər faktlar, imzalanmış memorandum və müqavilələr, qrant layihələrinin icrası , innovasiya xarektirli tədqiqatlar, təsərrüfat müqaviləsi əsasında atılmış addımlar, reallaşmış çöl-tədqiqat işləri iclas iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Hesabat məruzəsində elm və təhsilin inteqrasiyası məsələsinə xüsusi yer ayrılıb. Bildirilib ki, hazırda İnstitutun doktoranturasında 12 nəfər əyani təhsil alır, onlardan 11-i Geologiya və Geofizika İnstitutunun əməkdaşlarıdır. Gələn il üçün İnstitutun doktoranturasına fəlsəfə doktoru proqramı üzrə 4 yer əyani təhsil şöbəsi planlaşdırılıb.

Məruzəçi dissertantura, magistratura, baza kafedrası, kadr hazırlığı, Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti, elektron elmin vəziyyəti, nəşriyyat, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə və geologiya elminin kütləvi təbliği sahəsində görülmüş işlərlə bağlı maraqlı məlumatlar səsləndirib.

Web of Science və Scopus bazalarına daxil olan jurnallarda dərc olunmuş məqalələr siyahısı iclas iştirakçılarını xüsusilə cəlb edib. Bu nəşrlərdə İnstitutunn 20-dən çox aliminin məqalələri yerləşdirilib və onlara minlərlə istinad qeydə alınıb.

Daha sonra Təbiət Tarixi Muzeyinin baş direktoru biologiya üzrə fəlsəfə doktoru Tariel Eybatov Muzeyin fəaliyyəti ilə bağlı maraqlı təqdimat reallaşdırıb.
Hər iki məruzədən sonra çoxsaylı suallar cavablandırılıb və hesabatlar ətrafında çıxışlar olub. Akademiklər Akif Əlizadə, İbrahim Quliyev, Əkpər Feyzullayev, Bakı Dövlət Universitetinin professoru, akademik Vasif Babazadə, GGİ “Petrologiya və mineralogiya” şöbəsinin rəhbəri professor Musa Məmmədov və başqaları çıxış edərək GGİ-nin 2021-ci İldəki elmi və elmi-təşkilati fəaliyyətini yüksək qimətləndiriblər.