Xəbərlər


AKADEMİK ƏLƏŞRƏF MƏMMƏDOVUN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB

 

09 dekabr 2021-ci il

Akademik Ələşrəf Məmmədovun 90 illik yubileyinə həsr olunan AMEA Yer Elmləri Bölməsi, Geologiya və Geofizika İnstitutu və Coğrafiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.

Tədbirdə əvvəl Geologiya və Geofizika İnstitutunda Ələşrəf Məmmədovun elmi əsərlərindən və onun haqqında yazılmış məqalələr toplularından ibarət sərgiyə, həmçinin alimin həyat və elmi yaradıcılıq səhifələrini əks etdirən fotoşəkillərdən ibarət stendə baxış keçirilib. Həmçinin alimin yeni çap edilmiş “Seçilmiş əsərləri” ("Избранные труды") kitabı təqdim edilib.

İclası giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə Ə.Məmmədovun elmi irsi, Azərbaycan, həmçinin dünya elmində tutduğu mövqedən, alimin şəxsi məziyyətlərindən danışıb. Qeyd edilib ki, geologiya elminin bütün istiqamətlərini dərindən bilən alim AMEA Coğrafiya Institutunda paleocoğrafiya şöbəsi yaradıb. Xəzərin 4-cü inkişaf dövrünü fundamental şəkildə tədqiq edərək Azərbaycan elminə samballı töhfə verməklə həm də bu dənizin sonrakı tədqiqat işlərinin açarını yaradıb. İstedadlı alim özünün elmi nəticələri əsasında yaratdığı xəritə və atlaslarla böyük şöhrət qazanmışdı. Bu günün özündə belə həmin xəritələrə istinadlar bu işin elmi əhəmiyyətini sübut edir. Çoxsahəli elmi istiqamətlərə meyilli Ələşrəf Məmmədov SSRİ Elmlər Akademiyasının bir çox elmi komissiyalarının üzvü idi. Tükənməz enerji sahibi, işgüzar, peşəsini sonsuz məhəbbətlə sevən bir insan kimi həm də təvazökar və xoşxasiyyət idi.

AMEA Coğrafiya İnstitutunun baş direktoru c.e.d. Zakir Eminov yubilyarın elmi nailiyyətlərindən bəhs edərək bildirib ki, Ə.Məmmədov 10 monoqrafiya, 300 elmi məqalə, 10-dan çox xəritə və atlas müəllifi idi. Dövrümüzün coğrafiya üzrə tədqiqatçı alimləri onun elmi irsini dönə-dönə oxuyub oyrənməlidirlər.

C.e.d. Yelena Tağıyeva Ə.Məmmədovun geologiya və coğrafiya elmlərinin inkişafında rolundan konkret faktlarla danışdı: ”Ixtisasi ilə bağlı müxtəlif məsul vəzifələr daşıyan, elmi işlərini dalbadal müdafiə edib yüksələn alimin 1971-ci ildən fəaliyyəti AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur. Onu haqlı olaraq Azərbaycanda paleocoğrafiya məktəbinin yaradıcısı sayırlar. O, Azərbaycanın bir sıra geoloji, tektonik, neotektonik, dördüncü dövr çöküntüləri xəritələrinin, SSRİ-nin cənubunun tektonik, neotektonik xəritələrinin, SSRİ-nin litoloji-paleocoğrafi, "Gec pleystosen və holosendə SSRİ-nin paleocoğrafiyası", "Mezozoyda və kaynozoyda Avroasiyanın şelfləri" atlaslarının həmmüəlliflərindəndir. 1988-ci ildə "Azərbaycanın dördürcü dövr çöküntüləri xəritəsi" və "Dördüncü dövr çöküntüləri" monoqrafiyasına görə Azərbaycanın Dövlət mükafatı laureatına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə AMEA həqiqi üzv seçilmişdir. 20 elmlər doktoru və namizədi hazırlamışdır. Z.A.Tağıyev adına Azərbaycan Milli Mükafatı laureatı idi”.

Sonra GGİ alimlərindən g.-m.e.d., prof. Musa Məmmədov, g.-m.e.n. Şahvələd Köçərli, AMEA Coğrafiya İnstitutundan c.e.d., prof. Əmir Əliyev, BDU-dan c.e.d., prof. Yaqub Qəribov yubilyar haqqında xatirələrini bölüşüblər.

Elmi şuranın iclasında iştirak edən riyaziyyat elmləri namuizədi Allahverdi Məmmədov atası akademik Ə.Məmmədovun xatirəsini uca tutaraq onun yubiley mərasimini təçkil etmiş GGİ rəhbərliyinə minnətdarlığını ifadə edib.

Elmi şuranın iclasinda sonra GGİ-nin 2022-ci il üçün elmi-tədqiqat işlərinin tematik planının təsdiqi haqqında AMEA müxbir üzvü Dadaş Hüseynovun, Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti haqqında doktorant Fatma Süleymanovanın, GGİ-nin “ANAS Transactions” jurnalının redaksiya-nəşriyyat fəaliyyəti haqqında akademik Fəxrəddin Qədirovun, bu elm ocağının analitik bazasının vəziyyəti və aparılan işlərin effektivliyi barədə Nazim Sadıqovun, “GGİ kütləvi informasiya vasitələrində” mövzusunda İctimaiyyətlə əlaqələr şöəsinin rəhbəri Şirməmməd Nəzərlinin məlumatı dinlənili.