Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN PROFESSORU “FİZİKANIN VƏ ASTRONOMİYANIN MÜASİR PROBLEMLƏRİ” RESPUBLİKA KONFRANSINDA MƏRUZƏ EDIB

 
04 noyabr 2021-ci il

Naxçıvan Dövlət Universitetində (NDU) “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda vebinar təşkil edilib. Tədbiri giriş sözü ilə açan NDU-nun rektoru Elbrus İsayev elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizikanın və ona bağlı elmlərin tətbiqi sahələr ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurətindən danışıb. Bildirilib ki, elmin müxtəlif sahələrinin kəsişməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhvəsini verəcək bu cür vebinarların əhəmiyyəti böyükdür

AMEA Geologiya və Geofizika İnstitutunun professoru, texnika üzrə elmlər doktoru, Fuad Hacızadə tədbirdə “Aerokosmik üsulların ətraf mühitin və zəlzələlərin öyrənilməsində istifadə edilməsi” mövzusunda məruzə edərək uzaqdan aerokosmik, həmçinin hava üsulları və kosmik metodlar haqqında geniş məlumat verib.

Konfransın işində həmçinin Bakı Dövlət Universitetinin, AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun, AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının , AMEA Fizika İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Gəncə Dövlət Universitetinin, AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının əməkdaşları elmi mövzularla çıxış ediblər.

Vebinar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələrin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.