Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI

 
02 iyul 2021-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının elmi-təşkilati məsələlərə həsr edilmiş növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan GGİ-nin direktoru akademik Akif Əlizadə iştirakçıları gündəliklə tanış etdikdən sonra AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq Geologiya və Geofizika İnstitutunda edilmiş yeni struktur dəyişilikləri barədə izahat verib. Həmçinin İnstitutun doktorant və dissertantlarının geologiya və geofizika elmləri sahəsi üzrə ümumi baza biliklərini zənginləşdirməyi əsaslandıraraq xüsusi seminarların təşkili zərurətini nəzərə çatdırıb.

Sonra GGİ-nin doktorant və dissertantlarının attestasiyasının yekunları haqqında Larisa Biryukovanın, 2020/2021-ci tədris ilində təhsilini başa vuran magistrantların İxtisaslaşdırılmış müdafiə şuralarında magistr dissertasiya işlərinin müdafiəsinin yekunları haqqında yer elmləri üzrə fəlsəfə doktoru, dosent Səadət Ələkbərovanın məruzəsi səslənib.

Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun gənc alim və tələbələrin “Geologiya və geofizikada innovasiyalar” VIII ənənəvi beynəlxalq elmi konfransının hazırlıq vəziyyətinin gedişatı haqqında informasiyası dinlənilib. O.Abbasov bildirib ki, sözü gedən tədbir 2005-ci ildən başlayaraq davamlı surətdə reallaşdırılıb. Bu il elmi konfransın onlayn formatda keçiriləcəyi planlaşdırılır. Konfransın təşkilat komitəsi yaradılıb, saytı hazırlanıb. Beynəlxalq konfransada iştirak etmək üçün hələlik 50 (28 xarici, 22 yerli vətəndaş) gənc alim və tələbə müraciət edib.

Sonda akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun elmi-təşkilati fəaliyyətinin birinci yarımilliyinin nəticələri haqqında danışaraq bildirib ki, son 6 ay müddətində elmi müəssisə əməkdaşlarının əməyini məhsuldar hesab etmək olar. Direktor buna misal kimi GGİ-də “Bərpa olunan enerji mənbələri” (AMEA Coğrafiya İnstitutu ilə birlikdə), “Mineral xammalın tətbiqi texnologiyası” (AMEA Kataliz və Qeyri-üzvi Kimya, Torpaqşünaslıq və Aqrokimya İnstitutları ilə birlikdə) fənlərarası laboratoriyaların yaradılmasını, “Azərbaycanın Paleontoloji Muzeyi” Atlasının hazırlanması üzrə aparılan işləri, “Nəzəri və tətbiqi geologiya kursu”nun, “Yer fizikasının nəzəri kursu”nun təşkili, gənc alim və tələbələrin “Geologiya və geofizikada innovasiyalar” VIII ənənəvi beynəlxalq elmi konfransına hazırlıq işlərini və digər fəaliyyət növlərini göstərib. Akademik həmçinin kadr hazırlığına diqqətin artırılması zərurətini, GGİ-də təhsil alan gənclərlə ünsiyyətin gücləndirilməsini şöbə rəhbərlərinin və elmi rəhbərlərin diqqətinə çatdırıb.