Xəbərlər


GGİ-də PALÇIQ VULKANİZMİ İLƏ KARBOHİDROGEN YATAQLARININ ƏLAQƏSİNƏ DAİR ELMİ SEMİNAR

 
23 iyun 2021-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) palçıq vulkanizmi ilə karbohidrogen yataqlarının əlaqəsinə dair yer elmləri sahəsində Ümumrespublika elmi seminarı keçirilib.

Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq palçıq vulkanizmi ilə karbohidrogen yataqlarının əlaqəsinə dair elmi dairələrdə bəzi ziddiyyətli mülahizələrin mövcudluğunu xatırladıb və bugünki təqdimatın hər iki sahə alimləri üçün maraqlı olacağını diqqətə çatdırıb.

“Palçıq vulkanizmi ilə karbohidrogen yataqlarının əlaqəsi varmı? (Cənubi Xəzər çökəkliyi)” mövzusunda təqdimatını reallaşdıran AMEA Neft və Qaz İnstitutunun Neft-qaz geofizikası şöbəsinin rəhbəri, g.-m.e.d. Namaz Yusubov məruzəsinə Cənubi Xəzər hövzəsindəki neft-qaz yataqları ilə zəngin çöküntü kompleksinin yaranması və saxlanmasına nəzarət etmiş geodinamik proseslərin təbiətinin aydınlaşdırılması üzrə tədqiqatlarda seysmik kəşfiyyatla bağlı mülahizələri ilə başlayıb. Alim bildirib ki, bu üsul sedimentasiya proseslərində yaranmış fasilələr və ya toplanmış çöküntü materialının eroziyası hesabına yaranmış fiziki səthlərin (lay və uyğunsuzluq) süni yolla oyadılan seysmik dalğa enerjisini özündən aşağı və ya yuxarı yarımfəzaya ötürmə və əks etdirmə xüsusiyyətlərinə əsaslanır. Digər sözlə, geoloji mühitdən əks olunan dalğa cəbhəsi sinxron və ya qeyri-sinxron geoloji hadisələr haqqında məlumat daşıyıcısıdır.

Yer qabığının elementləri olan lay və uyğunsuzluq səthlərindən əksolunmalar zaman kəsilişlərində seysmik horizontlar kimi təmsil olunurlar. Seysmik zaman kəsilişi tədqiqat sahəsinin geoloji kəsilişindəki tektonik pozulmalar, litofasial dəyişkənliklərin hüdudları, müxtəlif formalı qırışıqlıqlar, palçıq vulkanlarının eruptiv kanalları və s. haqqında müfəssəl məlumat daşıyıcısıdır. Digər sözlə, seysmik zaman kəsilişi geoloji kəsilişin müşahidə xəttindən keçən şaquli müstəvi üzrə fotoşəklidir.

Məruzəçi həmçinin seysmik kəşfiyyatın əksolunan dalğa üsulunun istifadəsilə çökəklikdəki çöküntü qatının strukturu və onun daxilində yer almış tektonik elementlər haqqında məlumat verib. Bildirib ki, palçıq vulkanizminin və neft-qaz yataqlarının yaranma mexanizmlərinə vahid bir hidrodinamik sistemin tərkib hissələri kimi baxılır.

Əyani geoloji-geofiziki məlumatların (seysmik və quyu geofiziki tədqiqatlar) kompleks interpretasiyası və seysmogeoloji modelləşdirmə əsasında ərazidə aşkar edilmiş və gələcəkdə aşkarlanması mümkün ola biləcək karbohidrogen yataqlarının yaranmasında palçıq vulkanlarının eruptiv kanallarının bilavasitə iştirak etməsi haqqında fikir müzakirə edilir.

Məruzəçi xüsusilə vurğulayıb ki, çökəklikdə aşkarlanmış yataqların formalaşmasında tektonik qırılmaların (palçıq vulkanizminin fəaliyyətilə əlaqədar yaranmışlar istisna olmaqla) iştirak etməməsi nəzərə alınmalıdır.

G.-m.e.d. Namaz Yusubov təqdimatla bağlı çoxsaylı sualları cavablandırandan sonra Ümumrespublika elmi seminarın iştirakçıları məruzə ətrafında çıxış ediblər. Qərara alınıb ki, N.Yusubovun elmi araşdırmalarla zəngin məruzəsi yüksək qiymətləndirilsin, eyni zamanda əldə edilmiş faktlara əsaslanaraq oxşar elm sahələrinin alimləri ilə birlikdə kompleks tədqiqatlar aparılsın.