Xəbərlər


GGİ-də DİSSERTASİYA İŞİNİN MÜDAFİƏSİ

 
14 iyun 2021-ci il

ED 1.01 Dissertasiya şurasının “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisasında elmi seminarının AMEA-nın həqiqi üzvü Pərviz Məmmədovun sədrliyi ilə keçəm iclasında Yer elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün iddiaçı, Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin böyük elmi işçisi Şirin İslamovanın “Mingəçevir su hövzəsinin bu ərazinin seysmikliyinə təsiri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.

İddiaçı Ş.İslamova dissertasiya işində qarşıya qoyulan məsələlərin aktuallığını qeyd edərək müdafiə olunan müddəaları, elmi yenilikləri və alınan nəticələri diqqətə çatdırıb. Bildirib ki, iri hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə texnogen fəaliyyətlə bağlı seysmik aktivliyin yüksəlməsi və dağıdıcı zəlzələlərin baş verməsi Mingəçevir su anbarları zonasında da seysmoloji monitorinq sisteminin yaradılması və aparılması zərurətini qarşıya qoyur. Geofiziki metodların seysmik proseslərinin öyrənilməsində tətbiqi nəticəsində seysmikliyi təyin etmək və geofiziki sahələrin zamandan asılı olaraq dəyişməsini izləməklə isə bu prosesin dinamikasını öyrənmək və proqnozlaşdırmaq imkanı əldə edir.

İddiaçıya ünvanlanan çoxsaylı suallar cavablandırılandan və dissertasiya işi ilə bağlı çıxışlar dinlənildikdən sonra aparılan tədqiqatlar və alınan nəticələr geniş müzakirə olunaraq qərara alınıb ki, Şirin Kərimbala qızı İslamovanın “Mingəçevir su hövzəsinin bu ərazinin seysmikliyinə təsiri” mövzusunda dissertasiya işinin müzakirəsi qəbul edilsin və təkliflər nəzərə alınmaqla ED 1.01 Dissertasiya şurasında müdafiə olunması üçün tövsiyə edilsin.