Xəbərlər


GGİ-də YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI

 
27 may 2021-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində Ümumrespublika elmi seminarı keçirilib. İnstitutun direktoru akademik Akif Əlizadə seminarı giriş sözü ilə açaraq məlumat verib ki, tədbir “Cənubi Xəzər çökəkliyinin sedimentasiya modelləri”nə həsr olunub və təqdimatı akademik Pərviz Məmmədov reallaşdıracaq.

Məruzəçi akademik Pərviz Məmmədov Cənubi Xəzər meqahövzəsinin tektonotipliyi, dərinlik quruluşu, geodinamikası və inkişaf mərhələləri barədə maraqlı elmi mülahizələr təqdim edib. Alim seysmik kəsilişlərdə strukturların və geoloji cisimlərin genezisi, qeyri-antiklinal strukturların təsnifatı və s. aktual məsələlər barədə informasiya verib. Həmçinin vurğulayıb ki, Cənubi Xəzər meqahövzəsində maddi-struktur və genetik əlamətlərinə görə konseptual cism adlanan iki fasiləsiz izlənən elementar cismlər ayrılır, onların sərhədləri müəyyən zaman diapazonunda sürüşürlər və stratiqrafiyanın əsas tələbinə cavab vermirlər. Bu baxımdan neftli-qazlı hövzələrdə baza modellərinin yaradılması və karbohidrogenlərin generasiyası və akkumulyasiyası üçün çöküntü qatında süxurüstü səviyyədə izoxron sərhədlərlə hüdudlanmış laylı cismləri ayırmaq vacibdir.

Akademik P.Məmmədov nəzərə çatdırıb ki, seysmik stratiqrafiya Cənubi Xəzər meqahövzəsinin dərinlik quruluşu və təkamülü haqqında çox böyük informasiya verir. Litosfer plitələrinin tektonikası paradiqması baxımından Cənubi Xəzər meqahövzəsi fəza və zaman daxilində bir-birini əvəzləyən müxtəlif tipli elementar hövzələrin geotektonik tsikl daxilində ardıcıllığından ibarətdir. Seysmik stratiqrafiya morfoloji baxımdan hövzələri iki növə ayırır: dərinsulu hövzələr və dayazsulu epikontinental hövzələr.

Alim məruzəsində müxtəlif növlü hövzələrdə sedimentasiya şəraitlərini də təhlil edib, eləcə də çoxsaylı sualları cavablandırıb.

Sonda təqdimat ətrafında çıxış edən elmi seminar iştirakçıları məruzənin elmi və informasiya yükünü yüksək qiymətləndiriblər.