Xəbərlər


AZƏRBAYCAN ELMİ İCTİMAİYYƏTİNƏ AĞIR İTKİ ÜZ VERİB

 
22 aprel 2021-ci il

Geomexanika, geodinamika və tektonofizika sahələri üzrə görkəmli alim, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Əməkdar elm xadimi, akademik Hətəm Hidayət oğlu Quliyev 2021-ci il aprelin 21-də ömrünün 74-cü ilində vəfat edib.

Hətəm Quliyev 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini “Mexanika” ixtisası üzrə bitirib.

H.Quliyev 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.

O, 1969-cu ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, müxtəlif illərdə bir sıra vəzifələrdə çalışıb. 2003-cü ildən ömrünün sonuna kimi AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri vəzifəsində işləyib.

Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin və bir sıra respublika təşkilatlarının sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilib. Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələgəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi və bir sıra digər istiqamətlər üzrə mühüm işlər daxildir.

Akademik H.Quliyevin elmi fəaliyyəti və onun elmin inkişafına xidmət edən töhfələri yüksək qiymətləndirilərək keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala (1988), AMEA Rəyasət Heyətinin Fəxri fərmanına (2007), Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına (2018) layiq görülüb.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı akademik Hətəm Hidayət oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.


Allah rəhmət eləsin!