Xəbərlər


PROFESSOR FUAD HACIZADƏ GGİ-ni “İNSANIN KOSMOSA UÇUŞU” TƏDBİRİNDƏ TƏMSİL EDİB

 
13 aprel 2021-ci il

Professor Fuad Hacızadə Bakı Dövlət Universitetinin 12 aprel Beynəlxalq “İnsanın kosmosa uçuşu” gününə həsr olunmuş onlayn tədbirində Geologiya və Geofizika İnstitutunu təmsil edib.

F.Hacızadə tədbirdə etdiyi məruzəçində ölkənin kosmik sahədə fəaliyyətini geniş işıqlandırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilən “Azərkosmos” 2011-ci ildə fəaliyyətə başlayıb. Bu il Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un fəaliyyətə başlamasının 10 ili tamam oldu. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyk ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub.

Məruzəçi həmçinin xatırladıb ki, 2019-cu ilin oktyabrında Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında reallaşan seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.

Onlayn tədbir iştirakçıları professor Fuad Hacızadənin məruzəsini böyük maraqla dinləyiblər.