Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB

 
12 mart 2021-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının iclası keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru akademik Akif Əlizadə iclas iştirakçılarını gündəliklə tanış edib.

Gündəliyə uyğun olaraq g.-m.e.d. Namaz Yusubov “Dostluq” (Kəpəz) yatağı Abşeron Balxanyanı qalxım zonasının sərbəst geoloji strukturu kimi” mövzusunda təqdimat reallaşdırıb. Məruzəçi mövcud seysmik və dərin qazma məlumatlarının kompleks interpretasiyası əsasında “Dostluq” strukturunun və yatağının yaranma mexanizmlərinin modellərinin tərtib edilməsinə nail olduğunu, strukturun miosendən sonrakı dövrdə yarandığını, köksüz strukturlar qrupuna aid olduğunu əsaslandırıb. Həmçinin yatağın maykop çöküntü kompleksindəki karbohidrogen flüidlərinin palçıq vulkanının eruptiv kanalları vasitəsilə Məhsuldar qatın kollektorlarına miqrasiyası nəticəsində yaranması haqqında geniş mülahizələrini çatdırıb.

Namaz Yusubovun ətraflı elmi izahından sonra çoxsaylı suallar cavablandırılıb, təqdimat ətrafında müzakirələr dinlənilib. Məruzə Elmi şuranın qərar layihəsi çıxışlarda irəli sürülən təkliflər və tövsiyələr nəzərə alınmaqla bəyənilərək təsdiq edilib.

Sonra akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələr çərçivəsində “Nizami Gəncəvi və Yer elmləri” mövzusunda çıxış edib. Natiq bildirib ki, Prezident Sərəncamını Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırış kimi dəyərləndirilməlidir. Çünki N.Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiya tarixində elə nadir simalardandır ki, onun yaradıcılığına verilən qiymət və ona bəslənilən ehtiram heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır. Nizami təkcə şair yox, həm də alim, kamil tədqiqatçı, geniş miqyaslı tarixçi, bir neçə xarici dilə bələd olan dilçi, nəsihətləri, tövsiyələri səkkiz əsr müddətində köhnəlməyən və bugünkü nəsil üçün daha vacib olan bir əxlaq alimidir.

A.Əlizadə dahi şairin “Xəmsə”sinə daxil olan poemalarında elmi mülahizələr əks olunan misraları səsləndirib və Nizaminin digər məziyyətləri ilə yanaşı, həm də elmşünas olduğunu nəzərə çatdırıb.

Elmi şurada “Kompleks biostratiqrafik, litoloji-petroqrafik, biogeokimyəvi və geofiziki tədqiqatlar əsasında Cənub-Şərqi Qafqazın miosen çöküntülərinin stratiqrafiyası və paleocoğrafiyası” ETİ-nin yerinə yetirilməsinin gedişatı, “Nəzəri və tətbiqi geologiya kursu”nun hazırlanması, “Qarabağın təbii ehtiyatları atlası”nın nəşrə təqdim edilməsi, Geologiya və Geofizika İnstitutunun magistrantlarının attestasiyasının yekunları, GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi haqqında və digər məsələlər də müzakirə edilib.