Xəbərlər


ÜMUMRESPUBLİKA ELMİ SEMİNARINDA GEOLOJİ RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏN DANIŞILIB

 
10 mart 2021-il

AMEA Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Seminar neft və qazın axtarış-kəşfiyyatı zamanı geoloji risklərin qiymətləndirilməsinə həsr edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru akademik Akif Əlizadə karbohidrogen resurslarının axtarış-kəşfiyyat işlərinin uzunmüddətli planlaşdırılması üçün geoloji risklərin qiymətləndirilməsində daha ətraflı və sabit yanaşmanın zərurətini qeyd edib və bu sahədə yüksək hazırlıqlı mütəxəssislərin tələb olunduğunu bildirib. Akademik sonra deyilən mövzuda məruzə üçün sözü g.-m.e.n. Elçin Bağırova (SOCAR) verib.

Elçin Bağırov axtarış-kəşfiyyat işlərinin geoloji parametrlərinin və risklərin müxtəlif səviyyələrdə qiymətləndirildiyi çoxmərhələli proseslərlə bağlı təqdimat reallaşdırıb. Bildirib ki, hər səviyyədə (hövzələr, çöküntü kompleksləri və ya ayrı-ayrı sahələrdə) geoloji risklərin keyfiyyətcə və kəmiyyətcə qiymətləndirilməsi üçün metodika hazırlanmışdır. Ana suxurların, rezervuar laylarının, flüidləri saxlayan etibarlı örtük laylarının mövcudluğu, rezervuarların kollektor xüsusiyyətləri, karbohidrogenlərin tələyə effektiv axınının olması və s. axtarış-kəşfiyyat işlərinin nəticələrinə təsir edən əsas geoloji risk amilləridir. Ayrılmış perspektivli sahələrin öyrənilməsində risk parametrlərinin hər birinin mövcud olması ehtimalları qiymətləndirilir və sonra bu ehtimalların bir-birinə hasili ümumi geoloji risk kimi qəbul edilir. Təqdim olunan işdə ehtimal və statistik metodlara əsaslanan yeni bir risk qiymətləndirmə metodikası təklif olunur. Hazırda neft şirkətləri tərəfindən istifadə olunan risk və resursların qiymətləndirilməsindən fərqli olaraq, bu iki proqnoz parametrin vahid simulyasiya proseduru çərçivəsində birlikdə qiymətləndirilməsi təklif olunur. Bu yanaşma bir sıra mənfi halları aradan götürür və geoloji risklərin qiymətləndirilməsinə daha obyektiv yanaşmağa imkan verir.

Məruzəçi təqdimatın yekununda çoxsaylı sualları cavablandırıb.

Ümumrespublika Elmi seminar iştirakçıları təqdimat ətrafında çıxışlarında Elçin Bağırovun məruzəsinin elmi informasiya yükünü yüksək qiymətləndiriblər.