Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN FƏALİYYƏT PLANI TƏSDİQLƏNİB

 
05 fevral 2021-ci il

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib.

Karantin rejiminin tələblərinə uyğun olaraq təşkil olunan tədbiri institutun direktoru akademik Akif Əlizadə açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.
GGİ-nin direktoru gündəlikdə ilk məsələ kimi duran akademik Əli Əmiraslanovun 120 illik yubileyi ilə bağlı çıxış edib və məşhur alim, keçmiş sovetlər ölkəsində əlvan metallurgiya sənayesinin formalaşmasında müstəsna fəaliyyəti olmuş SSRİ elmlər Akademiyasının müxbir üzvü Əli Əmiraslanovun həyat və fəaliyyətindən danışıb. Tədbirdə həmçinin Ə.Əmiraslanova həsr edilmiş sənədli film nümayiş etdirilib.

Sonra Geologiya və Geofizika İnstitutunun elmi katibi g.-m.e.n. Yeganə Lətifova müəssisənin 2021-ci il üçün əsas elmi-tədqiqat işlərinin əhatəli planının layihəsini təqdim edib.

Akademik Pərviz Məmmədovun ETİ proqramı çərçivəsində təklif etdiyi “Yeni geofiziki məlumatlar əsaında Cənubi Xəzər meqahövzəsinin dərinlik tektonikası və təkamülünün modelləri (2021-2025)”, həmçinin “Skif-Turan platformasının və cənubdakı mikroplitələrin təmas zonasında yer qabığının və tektonik-sedimentasiya komplekslərinin yaranmasının geodinamiki şəraitləri (2021-2023) ” mövzularının İnstitutun tematik planına daxil edilməsi müzakirə edilib.

2021-ci il üçün əsas elmi-tədqiqat işlərinin əhatəli planının layihəsi və qoyulmuş mövzular bəzi dəyişiklik və təkliflər nəzərə alınaraq Elmi şuranın üzvləri tərəfindən təsdiqlənib.