Xəbərlər


MƏHSULLARIN EKOLOJİ BAXIMDAN KEYFİYYƏTİ YENİ GÜBRƏLƏR HESABINA XEYLİ YAXŞILAŞACAQ

 
26 yanvar 2021-ci il

Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri – g.-m.e.d., prof. Musa Məmmədov, g.-m.e.d., prof. Mirəli Əliosmanov respublikamızın ərazisində təbii xammal mənbələrindən biri kimi Dağlıq Talışda Yardımlı və Lerik inzibati rayonlarının ərazisində geniş yayılmış və kifayət qədər ehtiyata malik və eyni zamanda geoloji-iqtisadi baxımdan sadə relyef və infrastruktura malik yüksək kaliumlu latitdən və fonolitdən istifadə etməklə təbii gübrə növünün ixtirasına nail olublar.

Qeyd olunan süxurların nümunələri toz halına salınmış və müxtəlif nisbətdə fosforit və üzvi birləşmələrlə qarışdırılaraq, mineral gübrə alınmışdır (ixtira №2019 0052). Hazırda həmin gübrənin istifadəsi istiqamətində ölkənin uyğun təsərrüfatlarında tətbiqi işlər aparılır.

Ölkə ərazisində istifadəsi mümkün olan və kifayət qədər ehtiyata malik mülayim titanlı maqnetit təzahürləri mövcuddur. GGİ alimləri tərəfindən həmin mülayim titanlı maqnetit təzahürlərində titanlı maqnetitin tərkibində vanadium, kobalt və nikel aşkar olunmuş, narın qumdaşlarını narın fraksiyaya (0,025 mm) qədər xırdalamaqla, maqnit seperatorunun köməyi ilə təmiz titanlı maqnetit konsentrasiyasının hasilatı təcrübəsi reallaşdırılmışdır. Həmin fraksiyadan analitik-kimyəvi yolla titan, vanadium, kobalt və nikel oksidlərinin birləşmələrini ayırmaq mümkün olmuşdur. Əldə olunmuş fraksiya isə müdafiə sənayesində istifadə oluna bilər.

Elmi tədqiqatlar nəticəsində həmçinin Talış zonasında təbii adsorbent kimi kifayət qədər ehtiyata malik analsimli-mordienitli tuf təzahürləri aşkar olunmuşdur. Bu təzahürlərdən isə kənd təsərrüfatında rütubəti saxlamaqla, torpaqlarda azotun konsentrasiyasını normada saxlamaq mümkündür. Beləliklə, torpaqda yetişdirilən məhsulların ekoloji baxımdan keyfiyyəti yeni gübrələr hesabına xeyli yaxşılaşdırılması mümkün olacaq.