Xəbərlər


GGİ-də 2021-2025-ci İLLƏR ÜÇÜN FƏALİYYƏT PROQRAMLARININ MÜZAKİRƏSI KEÇİRİLİB

 
19 yanvar 2021-ci il

Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə elmi müəssisənin şöbə rəhbərləri ilə 2021-2025-ci illər üçün fəaliyyət proqramlarının müzakirəsinə həsr edilmiş müşavirə keçirib.

Akademik 2021-ci ilin yekunlarını xatırladaraq bildirib ki, ötən il bütövlükdə pandemiya şəraitində keçsə də, elmi müəssisə kollektivi işlərin öhdəsindən ləyaqətlə gəlib. Amma qarşıda duran yeni vəzifələr də yeni mürəkkəb dövrə təsadüf edəcəyindən fəaliyyət proqramlarının tərtibində prioritet məsələlər önə çəkilməli, konkretləşdirilməli, hətta mövzuların icra məsrəfi qeyd olunmalıdır. 2020-ci ildə onlayn rejimdə fəaliyyət mütəxəssislərə müəyyən təcrübə qazandırmışdır. Bu ildən isə həmin təcrübə əsasında yeniliklərə tez bir zamanda yiyələnmək zərurəti yaranır. 

Direktor qeyd etmişdir ki, institutun hər şöbəsi elmi-tədqiqat işinin proqramını tərtib edərkən fənlərarası istiqamətləri nəzərə almalı, ölkə iqtisadiyyatına maksimum xeyir gətirə biləcək ideyaların reallaşmasını nəzərdə tutmalıdır. Azad edilmiş torpaqlarda geoloji və geofiziki yönümlü tədqiqatlar isə ümumi fəaliyyət proqramının mühüm hissəsini təşkil etməlidir.

Tədbirdə ümumi işlər üzrə direktor müavini geologiya-mineralogiya elmləri namizədi, dosent Samir Məmmədov yeni yaradılmış “Geoservice GGİ” Məhdud Məsuliyyətli Cəmiyyətin veb saytını iştirakçılara təqdim etmişdir.

Müşavirədə informasiya siyasəti, kadr hazırlığı və digər sahələrdə işlərin təkmilləşdirilməsinə ehtiyac olduğu və bu istiqamətdə görülməli işlər barədə müzakirələr aparılmış, təkliflər səsləndirilmiş və çoxsaylı suallar cavablandırılmışdır.