Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN DİREKTORU MAGİSTRLƏRLƏ GÖRÜŞÜB


09 oktyabr 2020-ci il


Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadə İnstitutun II kurs magistrantları ilə görüş keçirib. Görüşdə GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Təhsil şöbəsinin rəhbəri y.e.f.d., dosent Səadət Ələkbərova iştirak ediblər.

Akademik Akif Əlizadə gənclərə İnstitutun geologiya və geofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri və bu elm müəssisəsində aparılan tədqiqatlardan bəhs edib. Akademik bildirib ki, elmimizin gələcəyi olan magistrantlarda dərin biliyə yiyələnmək, faydalı rəcrübə qazanmağa meyilli olmaq tələb olunur.Bunun üçün isə hazırda hər cür texniki imkan, iş şəraiti və ədəbiyyat mövcuddur.

İnstitutun direktoru GGİ-də təhsil alan II kurs magistrantlarının dissertasiya işlərinin mövzuları üzərində ciddi işləməsini tövsiyə edib. Gənc alimlərə Geologiya və Geofizika İnstitutunun əməkdaşları qarşısında olduqca mühüm vəzifələrin durduğunu, elmi tədqiqat işlərində fəal və məhsuldar olmağın zəruriliyini diqqətə çatdırıb.
Görüşdə həmçinin magistrantların elmi mövzusu və aparılan çöl tədqiqat işləri haqqında ətraflı müzakirələr olub. Akademik görüşdə iştirak edən hər bir magistrin elmi işinin gedişatı ilə maraqlanıb, zəruri məsləhətlər verib, həmçinin elmi rəhbərlərin məsuliyyətini xatırladıb. Gələcək alimlərin mülahizələrinə əsas götürən akademik onlara hər cür zəruri köməklik göstərməyə hazır olduğunu deyib.