Xəbərlər


ÇİNGİZ KAŞKAYIN VƏFATI ELM ALƏMİ ÜÇÜN İTKİDİR

 
01 iyul 2020-ci il

Geokimya sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Əməkdar geoloqu, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Kaşkay 79 yaşında vəfat edib.

Çingiz Mirəli oğlu Kaşkay 1941-ci il iyulun 31-də Bakıda anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1962-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (hazırki AMEA Geologiya və Geofizika İnstitutu) fəaliyyətə başlamışdır. 1967-ci ildə “Alunitlərin əmələ gəlməsinin fiziki-kimyəvi şəraiti” mövzusunda namizədlik, 1975-ci ildə isə “Alunit qrupu və onun struktur analoqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Alim eksperimental yolla alunitlərin və onların struktur analoqlarının əmələgəlmə şəraitlərini öyrənmiş, ilk dəfə olaraq müxtəlif növ alunit qrupu minerallarını sintez etmiş, onların termodinamiki parametrlərini təyin etmiş, fasiləsiz termik analiz üçün yeni üsul və cihazlar işləyib hazırlamışdır. Eksperimental və tətbiqi geokimya sahəsindəki tədqiqatlarında təbii proseslərin modelləşdirilməsinin riyazi üsullarından geniş istifadə etmişdir.

Ç.Kaşkayın elmi maraq dairəsinə Azərbaycanın palçıq vulkanları ilə bağlı tədqiqatlar da aiddir. Vulkan palçığının geokimyəvi xüsusiyyətlərinə əsaslanaraq onların təbii müalicəvi preparat kimi tibdə daha geniş istifadə edilməsi məqsədilə bir sıra təkliflər irəli sürmüş və bu məhsulların Azərbaycanın, Rusiyanın və Türkiyənin tibb müəssisələrində geniş tətbiq edilməsi istiqamətində fəaliyyət göstərmişdir.

Geologiya-mineralogiya elmləri doktoru Çingiz Kaşkay 1978-1991-ci illərdə “Filiz yataqlarının geokimyası və mineralogiyası” laboratoriyasının və “Geokimya” şöbəsinin rəhbəri vəzifəsində çalışmış, 1992-2003-cü illərdə Türkiyənin Gəbzə və İstanbul Texniki Universitetlərində fəaliyyət göstərmişdir. O, 2012-ci ildən “Metallogeniya” şöbəsinin əsasında yaradılmış “Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası” şöbəsinə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında tədqiqatlar bir sıra istiqamətlərdə aparılmışdır: struktur-formasiya zonalarının formalaşmasının müxtəlif geodinamik rejimlərinin alp maqmatik və metasomatik komplekslərinin petroloji-geokimyəvi meyarları; qara şistlərdə metalların diferensiasiyasında və geokimyəvi anomal zonaların əmələgəlmə prosesində sorbsiya-desorbsiya amillərinin rolunun tədqiqi; struktur-formasiya zonalarında və filiz rayonlarında filizlərin ekoloji təhlükəsiz üsullarla çıxarılma texnologiyalarının tətbiqi üçün əlverişli sahələrin seçilməsi; kompüter və eksperimental modelləş-dirmədən istifadə edilərək seçilmiş obyektlərin filizlərindən metalları çıxara biləcək ən optimal texnoloji rejimlərin aşkar edilməsi və s.

Azərbaycanda ilk dəfə təməli qoyulmuş ekoloji təhlükəsiz geotexnologiya elm sahəsinin inkişafı və bu elmin tətbiq sahəsi olan filizlərdən nəcib metalları zərərsiz məhlullarla bilavasitə yer altında yuylub çıxara biləcək üsulların işlənilməsi istiqamətində tədqiqatlar Çingiz Kaşkayın rəhbərliyi ilə yerinə yetirilmişdir. Bu istiqamətin inkişafı Respublika Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə dəstəklənmişdir.

Ç.Kaşkayınelmi rəhbərliyilə Azərbaycanda ilk dəfə ekoloji zərərsiz yeraltı aşındırma texnologiyası üzrə elmi-tədqiqat işləri qızıl və onu müşayiət edən elementlərin filizlərdən çıxarılması üçün aparılmışdır. Həmçinin kompüter və eksperimental modelləşdirmədən istifadə edilərək seçilən hər bir yatağın filizlərindən qızılı və onu müşayiət edən elementləri çıxara biləcək ən optimal texnoloji rejimlər aşkar edilmişdir. Texnoloji prosesləri bilavasitə yataq üzərində aparmaq məqsədi ilə “Mobil pilot kompleksi” yaradılması da mərhum alimin rəhbərliyi ilə reallaşmışdır və yerin altında yuyucu məhlulların hərəkətini istiqamətləndirən və təmzimləyən yeni texnoloji üsul üzrə patent alınmışdır.

İstedadlı alim əməkdaşları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Gәdәbәy filiz sahәsindә zәrәrsiz xlorit metodu ilә geotexnoloji işlәrin apa-rılmasının araşdırılması” mövzusunda qrant layihəsini yerinə yetirmiş, nəticədə Gədəbəy filiz sahəsində və Azərbaycanın başqa bu tip yataqlarında tətbiq oluna biləcək klassik sianid texnologi-yasından geri qalmayan, hətta bəzi parametrlərə görə ondan üstün olan xlorit texnologiyası işlənilmişdir. Həmin fondun digər layihəsi “Böyük Qafqazın cәnub yamacında Duruca strukturunun qızıldaşıyan qara şistlәrindәn qızılın vә digәr nәcib elementlәrin yatım yerindә çıxarılma texnologiyasının işlәnilmәsi” üzrə aparılan laboratoriya sınaqları nəticəsində qızılsaxlayan obyektin mühüm geotexnoloji xassələri – filtrasiya əmsalı, filizlərdən metalın çıxarılma dərəcəsi, rentabelli məhlullarda metalın orta miqdarı və s. təyin olunmuşdur. Müəyyən edilmişdir ki, Duruca struktur zonasının tədqiq olunan sahələrinin qızıldaşıyan süxurlarının filizlərindən qızılı çıxarmaq üçün qızılın yatım yerində yuyulub çıxarılması metodundan istifadə etmək daha məqsədə-uyğundur.

Çingiz Kaşkayın “Filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi” istiqamətində apardığı son tədqiqatlar nəticəsində sənaye əhəmiyyətli elementlərin səmərəli yolla əldə edilməsinə imkan yaradan 2 innovativ təklif irəli sürülmüşür ki, bu innovasiyaların dağ-mədən və kimya texnologiyası sənayesində istifadəsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin həyata keçirilməsilə bağlı təsdiq edilmiş “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” çərçivəsində aparılan tədqiqatlar sırasında Çingiz Kaşkayın rəhbərliyi ilə yerinə yetirilən bir sıra tədqiqatlar da yer tutur.

Strateji yol xəritəsi çərçivəsində g.-m.e.d. Ç.Kaşkayın rəhbərliyi altında Geologiya və Geofizika İnstitutunun bir qrup əməkdaşı Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun mütəxəssisləri ilə birlikdə alunitin emalı üçün yeni texnologiyanın işlənib hazırlanması üzrə işlər aparmışdır. Hazırda texnoloji sxem başa çatdırılmış və prosesi nümayiş etdirmək üçün işçi laboratoriyanın maketi yaradılmışdır. Azərbaycan Sənaye Korporasiyasının elan etdiyi beynəlxalq tenderdə iştirak etmək üçün ən yaxşı alunit texnologiyasının seçilməsi və bu texnologiyaya əsaslanan alüminium zavodunun inşası ilə bağlı layihə hazırlanmışdır.

Geologiya-mineralogiya elmləri doktoru Ç.Kaşkay 100-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın, 23 müəlliflik şəhadətnaməsinin (6-sı ABŞ-da, Kanadada, Fransada və İsveçrədə alınmışdır) müəllifidir. Onun rəhbərliyi altında 4 elmlər namizədi hazırlanmışdır.

AMEA Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və bütün kollektiv istedadlı alim, gözəl insan, qağıkeş həmkar Çingiz Kaşkayın vəfatını elm aləmi üçün itki hesab edir və kədərləndiyini bildirir.


Allah rəhmət eləsin!