Xəbərlər


İTALİYA ALİMLƏRİ İLƏ YENİ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ YARADILIR

 

İtaliya və Azərbaycanın geoloq alimləri tərəfindən ölkəmizin Şərqində geodinamik vəziyyət öyrənilir. Bununla əlaqədar olaraq AMEA Geologiya və Geofizika İnstitutunun Geodinamika və Seysmologiya şöbəsinin dəvəti ilə İtaliya Ekoloji Təhlil Metodologiyaları İnstitutu Milli Tədqiqat Şurasının (CNR) mütəxəssisi Luçiano Teleska Azərbaycana gəlib. L.Teleska Şəkidə yerləşən Qravitasiya və GPS (Qlobal Yertəyinetmə Sistemi) stansiyaları ilə tanış olub, birgə tədqiqat imkanları araşdırılıb.

Məqsəd yüksək geodinamikliyi ilə seçilən Şəki-Zaqatala bölgəsində müntəzəm qravimetrik siqnalları və GPS texnologiyaları vasitəsi ilə əldə edilən məlumatları statistik metodla tədqiq etməkdir. Nəticədə anomal effektlərin dəyişmə parametrləri və ümumi geodinamik vəziyyət haqqında məlumatlar əldə ediləcək. Bu üsulun digər regionlarda da tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, tədqiqatlar AMEA və İtaliyanın Elmi Tədqiqat Şurasının 2014 və 2015-ci illəri əhatə edən əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.