Xəbərlər


AZƏRBAYCAN VƏ İTALİYA ALİMLƏRİ ÖLKƏMİZİN PALÇIQ VULKANLARINDA TƏDQİQATLAR APARIR


Azərbaycan və İtaliya alimləri Şamaxı-Qobustan regionundakı palçıq vulkanları və termal sularda tədqiqatlar aparırlar. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu, İtaliyanın Milli Tədqiqat Şurası (MTŞ) və Florensiya Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilən işlərdə məqsəd iki ölkənin palçıq vulkanlarının oxşar və fərqli cəhətlərini müəyyən etməkdir. İyunun 20-də başlamış çöl tədqiqatlarını Geologiya İnstitutundan AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev və geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev, MTŞ-dən Marko Bonini və Giovanna Moratti, Florensiya Universitetindən isə Vaselli Orlando və Benedetta Antonielli icra edir. Onlar qeyd olunan regiondakı Axtarma-Paşalı, Kiçik Mərəzə, Üçtəpə və Ayazaxtarma palçıq vulkanlarından süxur, qaz və su nümunələri götürmüşlər.

Bundan əlavə, Qaleybuğurt, Çağan və Xaltan termal bulaqlarından da su və qaz götürülmüşdür. Nümunələrin İtaliyada izotop-geokimyəvi analiz edilməsi və adıçəkilən Avropa ölkəsindəki bu tip vulkanların xüsusiyyətləri ilə müqayisəsi nəzərdə tutulur.

Çöl tədqiqatları iyunun 26-da başa çatacaq. Bütün işlər MTŞ və AMEA arasında imzalanmış və 2013-cü ilin sonunda yekunlaşacaq ikiillik layihə çərçivəsində görülür.