GİA

Mingəçevir su hövzəsinin ərazinin seysmikliyinə təsiri



Mövzunun aktuallığı və işlənmə dərəcəsi:

Respublikada yaşayış binalarının, sənaye obyektlərinin tikintisinin intensiv inkişafı ayrı-ayrı şəhərlər, yaşayış məntəqələri, tikinti meydançaları üçün zəlzələ təhlükəsinin dərəcəsinin mükəmməl şəkildə öyrənilməsini tələb edir. Hidrotexniki qurğuların tikintisi, onların istismarı ilə bağlı bir sıra məsələlərin həll edilməsinin zəruriliyini yaradır. Xüsusilə hidrotexniki qurğulara bitişik olan sahələrdə sürüşmə prosesinin canlanması, su anbarının xarab olması nəticəsində sahillərin yenidən işləməsi, su anbarlarının çaylarının nasoslarının və sahillərinin yenidən işlənmə məhsulları ilə lillənməsi prosesinin aradan qaldırılmasını tələb edir.

Azərbaycanın ən sesymoaktiv bölgəsinə daxil olan Böyük Qafqazın cənub yamacları və orta Kür çökəkliyi sərhədində yerləşən Mingəçevir su hövzəsi ərazisinin seysmikliyinin öyrənilməsi, bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sənaye və mülki obyektlərin tikilməsi və istismarı üçün ətraflı şəkildə ərazi haqqında mühəndis-geoloji məlumatların əldə edilməsi və təhlükəli geoloji proseslərin proqnozlaşdırılmasının böyük əhəmiyyəti vardır.

Mingəçevir hidrotexniki qurğuları kompleksinin inşası sahillər və sahilboyu yamaclar üçün tamamilə yeni şərait yaradan böyük ölçülü su anbarlarının yaranmasına gətirib çıxartdı.

Son illər dünya praktikasında rast gəlinən və xüsusilə iri hidrotexniki qurğu zonalarında texnogen fəaliyyətlə bağlı seysmik aktivliyin yüksəlməsi və dağıdıcı zəlzələlərin baş verməsi Respublika ərazisində Mingəçevir su anbarları zonasında da seysmoloji monitorinq sisteminin yaradılması və aparılmasını zəruri etmişdir. Bu baxımdan Mingəçevir su hövzəsinin yaradılması süni zəlzələlərin əmələ gəlməsinə və ərazinin seysmoloji vəziyyətinin dəyişməsinə təsirinin geofiziki üsullarla tədqiqi günümüzün ən aktual problemidir.

Geoloji mühitdə baş verən təbii və texnogen proseslərin geofiziki üsullarla öyrənilməsi günümüzün ən aktual problemidir. Geofiziki metodların seysmik proseslərinin öyrənilməsində tətbiqi nəticəsində seysmikliyi təyin etmək və geofiziki sahələrin zamandan asılı olaraq dəyişməsini izləməklə isə bu prosesin dinamikasını öyrənmək və proqnozlaşdırmaq imkanı əldə edir.

Tədqiqatın obyekti və predmeti:
Mingəçevir su hövzəsi və onun səviyyəsinin dəyişməsinin ərazinin seysmikliyinə və ekzogen geoloji proseslərinə təsiri.

Tədqiqatın məqsədi və vəzifələri:
Mingəçevir su hövzəsində suyun səviyyəsinin dəyişməsinin regionda süni zəlzələlərin əmələ gəlməsinə, seysmoloji vəziyyətin dəyişməsinə su bəndlərinin yaradılmasının təsirinin öyrənilməsi.

  1. Seysmik hadisələr haqqında makroseysmik və instrumental məlumatların analizi
  2. Zəif və orta zəlzələlərin məkan və zaman daxilində yayılması
  3. Zəlzələ ocaqlarının mexanizmlərinin qurulması və mühitin gərginlik-deformasiya vəziyyətini qiymətləndirilməsi
  4. Seysmotomoqrafik işlərin aparılması
  5. Güclü zəlzələlərin Mingəçevir su hövzəsinə təsirin öyrənilməsi
  6. Pirson korrelyasiya əmsalının əsasında Mingəçevir su hövzəsinin ərazisinin gərginlik vəziyyətinin öyrənilməsi.
  7. Suyun səviyyəsinin dəyişməsinin ərazinin seysmikliyinə və ekzogen geoloji proseslərinə təsirinin oyrənilməsi.


Tədqiqatın metodları:
Dissertasiya işinin yerinə yetirlməsi zamanı Respublika Seysmoloji Xidmət Mərkəzinin telemetrik stansiyaların məlumatları əsasında Mingəçevir su hövzəsinin zonasında alınmış materialları, АМЕА Geologiya və Geofizika İnstitutunun geoloji-geofiziki fond materialları əsasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyi “AZƏRGEOFİZİKA ETİ”-nin materialları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materiallarından istifadə olunub. Hesabatların həyata keçirilməsində 1980-2017-cı illər ərzində baş vermiş zəlzələlərin parametrlərindən istifadə edilmişdir. Seysmoloji və geoloji məlumatların kompleks analizi Antelope, ArcGIS10.1, Surfer, Fa_major, Moment Tenzor, MathLab və DİMAS, programlarında aparılmışdır.

Müdafiəyə çıxarılan əsas müddəalar:

  1. Mingəçevir su anbarının istismarı ilə əlaqədar seysmikliyin formalaşması, seysmik şəraitin inkişaf dinamikasının və mühitin gərginlik-deformasiyasının vəziyyəti.
  2. Mingəçevir su anbarının suyun səviyyəsinin dəyişməsinin, ərazinin seysmikliyinə və ekzogen geoloji proseslərinə təsiri.


Tədqiqatın elmi yeniliyi:

  1. Mingəçevir su hövzəsi zonasının, həmçinin ona bitişik ərazilərin uzunmüddətli seysmikliyinin analizi göstərdi ki, 1956-cı ildən indiki vaxta qədər zəif seysmikliyin artımı müşahidə olunur;
  2. Mingəçevir su anbarında su səviyyəsinin dəyişməsi ətraf geoloji mühitin tarazlığının pozulmasına və zəif zəlzələlərin əmələ gəlməsinə səbəb olduğu müəyyən edilmişdir;
  3. Müəyyən olunub ki, su anbarının doldurulması başa çatdıqdan sonra 1-3 ay vaxt intervalı müddətində anbarın mərkəzindən 30 km radiusda olmaqla 12-34 km dərinlikdə zəif zəlzələlər baş verir, bu da onların texnogen təbiətini – yönəldilmiş seysmikliyi təsdiq edir.
  4. Mingəçevir su hövzəsinin ətrafında aparılmış seysmoloji və geodinamik tədqiqatlar göstərdi ki, sürüşməyə məruz qalmış Bozdağ yamacının CQ-ŞmŞ istiqamətində, 7-12 saniyə davamlığında, 18-50 m dərinliyində 80 sürüşmə hadisəsi qeydə alınmışdır.


Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti:
Aparılan tədqiqatın nəticələri Mingəcevir su anbarının və digər süni su anbarlarının ətrafında ehtimal olunan seysmik təhlükənin qiymətləndirilməsinə və seysmik riskin azaldılması üçün tədbirlər görülməsinə imkan verə bilər. 

Avtoreferatı yüklə
 






08.12.2021     Çap et  Çap et