GİA

Geoloji risklərin qiymətləndirilməsinin nəzəri əsasları və metodologiyası



Mövzunun aktuallığı və işlənmə dərəcəsi
Tarixən enerji qiymətlərindəki kəskin dəyişiklər neft şirkətlərinin kəşfiyyat istiqamətindəki işlərində dövrü aktivliyə səbəb olmuşdur. Yüksək qiymətlərdə neft və qaz sənayesi fəal şəkildə inkişaf edir və böyük xərc tələb edən layihələrə (dərin dəniz, Arktika, qeyri-ənənəvi karbohidrogen (KH) və s.) investisiya cəlb etmək imkanına malikdir. Bu halda böyük gəlirlər həm əməliyyat xərclərini, həm də axtarış-kəşfiyyat işlərinin uğursuz olması halında qaçılmaz zərərlərin də əvəzini çıxarır. Lakin enerji daşıyıcılarının qiymətlərindəki enmə zamanı vəziyyət kökündən dəyişir. KH-in davamlı olaraq yüksək maya dəyərini nəzərə alaraq, şirkətlər iqtisadi rentabellik çərçivəsində fəaliyyət göstərmək və KH ehtiyatlarını artırmaq məqsədi ilə kəşfiyyat işlərini davam etdirmək üçün çox səy göstərməli olurlar. Bu ba-xımdan, obyektiv risk qiymətləndirməsi səmərəli geoloji kəşfiyyatın planlaşdırılması üçün ən vacib vəzifəyə çevrilir.

Axtarış-kəşfiyyat işlərində risk qiymətləndirmə prosesindəki çətinlik bu işlərin uzunmüddətli xarakterli olmasındadır. Yəni planlaşdırılan layihələr və onlarda qiymətləndirilən geoloji risklər yalnız illər keçdikdən sonra təsdiqlənir. Bu baxımdan, şirkətlər xaos və sistemsizliyin qarşısını almaq üçün sabit bir risk qiymətləndirmə siyasətinə ehtiyac duyurlar. Buna görə şirkətlərin on illər ərzində davamlı istifadə edə biləcəyi, nəzəri konsepsiyaya əsaslanan vahid metodologiyanın tərtibi bütün dünyada aktualdır. Bu məsələ Azərbaycanda xüsusi əhəmiyyət kəsb edir. Buradakı axtarış-kəşfiyyat işləri yeni bir mərhələyə qədəm qoyur və daha riskli, zəif öyrənilmiş komplekslərə (Miosen, Paleogen, Mezozoy, dağətəyi zonalar və s.) yönəlmişdir. Bütün bunlar obyektiv və effektiv risk qiymətləndirmə metodlarını tələb edir.

Əməliyyatlar zamanı digər ciddi risk faktoru həyat, insan sağlamlığı və ətraf mühit, avadanlıq və tikililər üçün ciddi təhlükə yarada biləcək təbii geoloji fəlakətlərdir. 2010-cu ildə Meksika Körfəzin-dəki Macondo sahəsinda baş verən fəlakət və nəticələrin aradan qaldırmaq üçün BP-nin qlobal maliyyə itkisi, geoloji riskləri və təhükələri ciddi şəkildə nəzərə almağın vacibliyini bir daha təsdiq etdi.

Tədqiqatın obyekti və predmeti
Neft və qaz yataqlarının axtarış və kəşfiyyat sahəsi tədqiqatın obyektini və bu sahədə geoloji risklərin qiymətləndirilməsi tədqiqatın predmetini təşkil edirlər.

Tədqiqatın məqsədi və vəzifələri.
İşin məqsədi geoloji risklərin qiymətləndirilməsi üçün vahid nəzəri baza yaratmaq və onun əsasında axtarış-kəşfiyyat işlərinin müxtəlif mərhələlərində onların qiymətləndirilməsi metodologiyasının, habelə təbii təhlükə ilə bağlı risklərin işlənib hazırlanmasıdır. Öyrənilən məsələlər aşağıdakılardır:
  1. Geoloji risklərin qıymətləndirilməsi üçün nəzəri əsaslarının hazırlanması.
  2. Geoloji-kəşfiyyat işlərinin müxtəlif mərhələlərində geoloji risklərin qiymətləndirilməsi metodologiyasının tərtib olunması.
  3. Geoloji risklərin qiymətləndirilməsi alqoritminin yaradılması
  4. Hövzə miqyasında axtarış və kəşfiyyat risklərinin qiymətləndirilməsi metodikasının işlənib hazırlanması
  5. Riyazi modelləşdirmə nəticələrinin istifadəsi risklərin qiymətləndirilməsi metodikasının işlənib hazırlanması
  6. Cənubi Xəzər hövzəsi üçün KH sistemlərinin müxtəlif komponentləri üçün risk xəritələrinin qurulması
  7. Fərdi axtarış və kəşfiyyat sahələrində geoloji risklərin qiymətləndirilməsi metodikasının işlənməsi
  8. Əməliyyat işləri aparılarkən Cənubi Xəzərdə geoloji təhlükə ilə bağlı risklərin kəmiyyətcə qiymətləndirilməsi.

Tədqiqat metodları.
Elmi iş nəzəri və metodoloji xarakter daşıyır. Tədqiqat iki istiqamətdə aparılıb: dərc edilmiş məlumatların təhlili, sistemləşdirilməsi, ümumiləşdirilməsi və yeni geoloji, geoloji-riyazi modellərin qurulması və ya hazır modellərdən istifadə edilməsi. Faktiki material olaraq müxtəlif hövzələr üçün geoloji-geofiziki və geokimyəvi məlumatlardan istifadə edilmişdir. Təəssüf ki, məxfilik səbəbindən dissertasiya işində bütün nümunələr göstərmək imkanı olmayıb.

 
Əsas müddəalar:

  1. Geoloji risklərin qiymətləndirilməsinin təkmilləşdirilmiş nəzəri əsasları
  2. Axtarış-kəşfiyyat işlərinin müxtəlif mərhələlərində risklərin qiymətləndirilməsi metodologiyası
  3. Xəzər regionunda geoloji risklərin qiymətləndirilməsinin nəticələri
  4. Sürətlə çökən hövzələrdə geoloji təhlükələrin kəmiyyət qiymətləndirilməsi üsulları.

Tədqiqatın elmi yeniliklər:
  1. Ehtimal paylanma və təsadüfi dəyişən proseslər nəzəriyyələrinin birlikdə tətbiqi ilə geoloji risklərin qiymətləndirilməsinin nəzəri əsasları hazırlanmışdır.
  2. Dünyanın əsas çökmə hövzələrində KH sistemlərinin mövcudluğu üçün ən əhəmiyyətli risk parametrləri müəyyənləşdirilmişdir.
  3. İlk dəfə kəşf olunmamış karbohidrogen yataqlarının sayının qiymətləndirilməsi üçün metod hazırlanmışdır və Azərbaycanda kəşfiyyat işlərinin riskləri qiymətləndirilmışdır.
  4. Neft və qaz hövzələrində perspektivli resursların həcminin qiymətləndirilməsi üçün yeni bir metodologiya hazırlanmış və Azərbaycanın quru və dəniz sahələri üçün Məhsuldar Qatın (MQ) potensial resursları qiymətləndirilmişdir
  5. Çöküntütoplanma şəraitinin öyrənilməsinə əsaslanan risk xəritələrinin qurulması prosesləri hərtərəfli ümumiləşdirilmiş və nümayiş olunmuşdur (Ümumi Seqment Risk Xəritələri)
  6. İlk dəfə hövzə modelləşdirmə nəticələrinin istifadəsi ilə bağlı risklərin qiymətləndirilməsi üçün ədədi metod tərtib olunmuşdur.
  7. İlk dəfə olaraq, KH yığımlarının həcmləri ilə əlaqəli risklərin qiymətləndirilməsi metodları hazırlanmışdır.
  8. İlk dəfə Cənubi Xəzərdəki örtüklərin flüidlərin saxlama qabiliyyəti və karbohidrogen miqrasiya yolları ilə bağlı risklər qiymətləndirilmişdir.
  9. Ehtimal nəzəriyyəsi metodlardan istifadə etməklə perspektivli strukturlar üçün geoloji risklərin qiymətləndirilməsi metodikası tərtib olunmuşdur.
  10. İqtisadi risk analizində geoloji risklərin istifadəsi üçün hərtərəfli metodologiya hazırlanmışdır (seysmik məlumatların pul dəyərinin qiymətləndirilməsi, sabit axtarış büdcəsinin paylanması)
  11. İnsanlar, bina və tikililər üçün təhlükə yaradan geoloji kataklizmlərlə əlaqəli risklərin kəmiyyət qiymətləndirilməsi üçün metodoloji əsas hazırlanmışdır

Tədqiqatların nəzəri və praktiki dəyəri.
Təqdim olunmuş geoloji risklərin qiymətləndirməsinin nəzəri əsasları geoloji tədqiqatların müxtəlif sahələrində tətbiq oluna bilər. Müəllif 20 ildən artıqdır ki, dünyanın aparıcı neft şirkətlərində işləyir: ConocoPhillips, BHPBilliton Petroleum, BP, SOCAR. İş zamanı təsvir olunmuş metodlar planetin müxtəlif hövzələrində konkret layihələrdə tətbiq olunub və sınaqdan keçirilib və SOCAR geoloqları tərəfindən tətbiq olunmağa davam edilir. Resursların hərtərəfli qiymətləndirilməsi üçün hazırlanmış metodlar SOCAR-da axtarış-kəşfiyyat işlərində risklərin qiymətləndirilməsi üçün əsas vasitədir. Geoloji təhlükə ilə əlaqəli riskləri qiymətləndirmək üçün aparılan tədqiqatlar Azərbaycanda (ilk növbədə Xəzər dənizində) iş planlaşdırarkən operator şirkətləri tərəfindən istifadə edilmişdir. Bunlar bu sahədə ilk işlər olub.


Avtoreferatı yüklə
 





02.11.2021     Çap et  Çap et