GİA

Neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi ilə əlaqədar Şamaxı-Qobustan və Aşaği Kür rayonlarının palçıq vulkanları flüidlərinin izotop geokimyası



Mövzunun aktuallığı və işlənmə dərəcəsi
Palçıq vulkanizmi neft və qaz yataqlarının əmələ gəlməsi ilə sıx əlaqəli olan təbii bir prosesdir. Müasir izotop-geokimyəvi üsullardan istifadə edərək, onların yaranma şəraitinin müəyyənləşdirilməsi bu proseslər barədə təsəvvürlərimizin genişlənməsinə imkan verir.

Azərbaycan ərazisində karbohidrogen qazlarının (KHQ) geokimyəvi tədqiqatları XX əsrin əvvəllərindən başlayaraq hazırkı dövrə qədər davam edir. İlkin olaraq, yataqlar üzrə KHQ kimyəvi tərkibi K.V.Xariçkov, S.A.Kovalevskiy, V.V.Veber, A.A.Potolovskiy, V.S.Buyniskiy, Y.G.Məmmədəliyev, D.N.İbadov, D.V.Jabrov, V.S.Məlik-Paşayev, F.H.Dadaşov və b. görkəmli elm xadimləri tərəfindən öyrənilmişdir. Sonrakı tədqiqatlar KHQ kimyəvi tərkibinin geoloji amillərdən asılı olduğunu aşkar etməyə imkan vermişdir.

Azərbaycan alimləri - F.H.Dadaşov, S.Q.Salayev, İ.S.Quliyev, Ə.Ə.Feyzullayev, A.İ.Əliyev, R.A.Hüseynov, A.Y.Kabulova, A.M.Dadaşov və b. qazların tədqiqinə böyük töhfə vermişlər.

KHQ izotop tədqiqatları XX əsrdə - 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində Ə.Ə.Yaqubov, Ad.A.Əliyev, A.Y.Kabulova, A.A.Dadaşov, B.M.Valyayev, İ.S.Quliyev, Ə.Ə.Feyzullayev, D.A.Hüseynov, A.Mazzini, J.Etiope və b. tərəfindən başlanmışdır.

Bu günə qədər KHQ ilə əhəmiyyətli həcmdə izotop-geokimyəvi tədqiqatların aparılmasına baxmayaraq, onların ümumiləşdirilmiş nəticələrinin çatışmamazlığı və geokimyəvi interpretasiya məlumatlarının natamam olması regional potensialın daha dəqiq qiymətləndirilməsinə imkan verməmişdir. Bu baxımdan, palçıq vulkanları ilə bağlı KHQ-nin sistemli izotop-geokimyəvi tədqiqatları, onlarda baş verən bir sıra prosesləri (neft və qaz potensialı, daxili quruluş, istixana effektindəki rolu və s. ilə əlaqəli) anlamaq üçün zəruridir.

2015-ci ilin məlumatlarına görə, Azərbaycanın quru və dəniz sahələrində beş yüzdən çox palçıq vulkanı qeydə alınıb. Respublikada neft sənayesinin inkişafının iki yüz ildən çox tarixi ərzində, əksəriyyəti palçıq vulkanları ilə mürəkkəbləşən 70-dən çox neft və qazkondensat yatağı kəşf edilmişdir. Ölkə ərazisində əhəmiyyətli karbohidrogen potensialının mövcudluğu, tektonik pozuntularla, eləcə də palçıq vulkanlarının kanalları vasitəsilə dərin mənbələrlə əlaqəli karbohidrogen axınlarının xaric olunması həmçinin yerüstü çöküntülərdə aşkar edilmiş neft təzahürləri ilə təsdiqlənir.

Azərbaycan ərazisində neftli və qazlı böyük təbəqələrin olması, regionun mürəkkəb tektonik quruluşa və yüksək seysmik aktivliyə malik olması, buranı palçıq vulkanı ilə bağlı flüidlərin öyrənilməsi üçün unikal poliqona çevirir.


Tədqiqatın obyekti və predmeti
Tədqiqatın obyekti – palçıq vulkanizmi prosesidir. Tədqiqatın predmeti - Azərbaycanda palçıq vulkanlarının flüidlərin tədqiqidir.


Tədqiqatın məqsəd və vəzifələri

İşin məqsədi - Şamaxı-Qobustan və Aşağı Kür rayonlarında palçıq vulkanlarının izotop-geokimyəvi parametrləri ilə əlaqəli dəyişiklikləri aşkar etmək, flüidlərin əmələgəlmə şəraitlərini öyrənmək və neft-qaz potensialının perspektivlərini qiymətləndirməkdir.

Bu məqsədə çatmaq üçün aşağıdakı məsələlər həll edilmişdir:
  1. Şamaxı-Qobustan, Aşağı Kür, Xəzəryanı-Quba və Abşeron rayonlarında palçıq vulkanları püskürdükdən sonra sahə müşahidələrinin
  2. aparılması;
  3. Tədqiq olunan rayonlarda palçıq vulkanlarının püskürməsindən sonra qrifonlardan və salzalardan flüid nümunələrinin götürülməsi və onların təhlili;
  4. Palçıq vulkanı axınlarının geomorfoloji xəritəsinin və üçölçülü modellərinin qurulması;
  5. Geoloji və geokimyəvi məlumat bazasının yaradılması və onun statistik təhlili;
  6. Palçıq vulkanı flüidləri ilə bağlı izotopların paylanmasında müntəzəmliliyin müəyyənləşdirilməsi;
  7. Püskürmədən sonra əldə edilən seysmoloji məlumatların təhlili;
  8. “Sigma Flow” proqram paketi və püskürmə dövriliyinin statistic təhlili əsasında paroksizm zamanı yayılan qazın həcminin qiymətləndirilməsi;
  9. Flüidlərin əmələgəlmə şəraitinin müəyyənləşdirilməsi və tədqiq olunan ərazilərin neft və qaz perspektivlərinin qiymətləndirilməsi.

Tədqiqat metodları
Dissertasiya işinin əsasını Şamaxı-Qobustan və Aşağı Kür rayonlarının palçıq vulkanı flüidlərinin izotop-geokimyəvi xüsusiyyət ləri təşkil edir. Çöl tədqiqat işləri zamanı əldə edilmiş nəticələr əvvəl dərc edilmiş materiallara əlavə edilmişdir. Çöl şəraitində göturülmüş su nümunələrinin temperaturu, pH və oksidləşdirici-reduksiya potensialı və s. ölçmüşdü. Palçıq vulkanı qazlarının, su izotoplarının və karbon tutumlu komponentlərin tərkibi Kristall M 2000 xromatoqrafı, Delta-V-Advantage kütləvi spektrometri, Trace-GC-Ultra xromatoqrafı və Finnigan-TC/EA analizatoru vasitəsi ilə aparılmışdır.


Müdafiəyə çıxarılan əsas müddəalar
  1. Palçıq vulkanlarında flüidlərin izotop-geokimyəvi parametrlərinin yayılma qanunauyğunluqları;
  2. Geoloji-geofiziki və geokimyəvi komplekslərdən istifadə edərək, Şamaxı-Qobustan və Aşağı Kür rayonlarının palçıq vulkanı flüidlərinin əmələgəlmə şəraitlərinin aşkarlanması;
  3. Tədqiq olunan ərazilərin karbohidrogen potensialının qiymətləndirilməsi.


Tədqiqatın elmi yeniliyi
  1. Püskürmələrdən sonra palçıq vulkanı flüidlərinin izotop geokimyası (δ13СС1, δ13CCO2; δ18О; δDC1, δ15N) haqqında yeni məlumatlar əldə edilmişdir;
  2. İlk dəfə olaraq geoloji şəraitdən asılı olaraq palçıq vulkanlarının qazlarında müəyyən diapazonda dəyişkən qiymətlər alan azotun izotop tərkibi tədqiq olunmuşdur;
  3. Qaz və su generasiyasının ehtimal olunan dərinliklərinin qiymətləndirilməsi üçün əsas olan palçıq vulkanlarının flüidlərinin izotop-geokimyəvi modeli təkmilləşdirilmişdir: (qaz üçün 5-7, eləcə də 12-14 km, su üçün 3-6 km).

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti
Tədqiqatın nəzəri əhəmiyyəti – palçıq vulkanlarının fluidlərin əmələgəlmə şəraitlərini öyrənilməsidir. Tədqiqatın praktiki əhəmiyyəti - izotop-geokimyəvi və seysmoloji məlumatlar əsasında palçıq vulkanlarının fluidlərin generasiya dərinliklərinin qiymətləndirilməsidir.



Avtoreferatı yüklə
 





20.05.2021     Çap et  Çap et