GİA

Cənubi Xəzər Hövzəsinin çökmə kompleksinin istilik sahəsinin strukturu



Dissertasiya müasir dövrdə energetik resurslarına dünyada marağın sürətlə artdığı Cənubi Xəzər hövzəsinin çökmə kompleksinin istilik sahəsinin strukturunun öyrənilməsinə həsr olunmuşdur. Qarşıya qoyulan məsələlər çöl şəraitində və quyularda temperaturun ölçülməsi, süxurların istilik xüsusiyyətlərinin laboratoriyada təyini, mövcud məlumatların emalı və təhlili, istilik sahəsinin və istilik və maddə daşınması proseslərinin riyazi modelləşdirilməsi və Yerin istilik sahəsinin nəzəri araşdırılması yolu ilə həll olunmuşdur. Nəticədə Xəzər dənizi şəraitində geotermik parametrləri ölçmə metodikası təkmilləşdirilmiş, və bunun üçün yeni cihazlar işlənib hazırlanmışdır.

 
Azərbaycanda ilk dəfə olaraq süxurlarda radiogen istilik selinin sıxlığının, dərinlik və qabıq istilik sellərinin nisbətinin qiymətləndirilməsi nəticəsində müəyyən edilmişdir ki, ölçülmüş istilik selinin 80%-ni dərindən gələn istilik seli təşkil edir.

 
Yeni geotermal xəritələrin (temperaturun, üfüqi və şaquli temperatur qradiyentlərinin, istilik selinin paylanması xəritələri) və hövzənin termal inkişaf modelinin köməyi ilə CXH-nin istilik sahəsinin məkan-zaman strukturu öyrənilmiş, bir sıra geotermal anomaliyalar aşkar edilmiş və onların təbiəti öyrənilmişdir. Üfüqi geotermal qradiyentlərin paylanmasının yer qabığındaki gərginliklərin paylanması ilə uyğunluğu aşkar edilmişdir.

 
Çökmə qatlarda radiogen istilik ayrılmasını, çöküntü toplanması zamanı onların sıxlaşmasını və çöküntülərin yığılmasında fasilələri nəzərə almaqla neft və qazın generasiya zonalarının dərinliyini qiymətləndirməyə imkan verən hövzənin termal inkişaf modeli hazırlanmışdır.

 
Palçıq vulkanlarında aparılmış geotermik tədqiqatlar nəticəsində vulkanının boğazında istilik-kütlə daşınmanın riyazi modeli (istilik şırnağı modeli) qurulmuşdur.
Cənubi Xəzər hövzəsində cökmə süxur komplekslərinin geotermal enerji ehtiyatları kəmiyyətcə qiymətləndirilmişdir.

 
Geotermik məlumat bankı və yeni geotermik kəsilişlər, xəritələr, sxemlər və modellər faydalı qazıntıların axtarış-kəşfiyyat işlərinin istiqamətinin təyin olunmasında istifadə oluna bilər.

 





13.02.2012     Çap et  Çap et