GİA

«Güclü zəlzələlər baximindan Bakı şəhərinin seysmikliyi» mövzusunda seminar


2 noyabr 2011-ci il tarixində AMEA Geologiya İnstitutunun akt zalında «Güclü zəlzələlər baximindan Bakı  şəhərinin seysmikliyi» mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.


Məruzəçi: g.-m.e.n. Q. R. Babayev

 
Azərbaycan ərazisi və Xəzər çökəkliyi mötədil seysmik region olsa da, hətta keçmişdə hiss edilən zəlzələlər olan və gözlənilən və geoloji nöqteyi nəzərdən nisbi  təhlükəsiz  hesab edilən  düzənlik ərazilər də daxil olmaqla Azərbaycanın istisnasız bütün ərazisi üçün seysmikliyin tədqiqi hər zaman aktualdır. Abşeron yarımadası, o cümlədən Bakı şəhəri, ölkənin strateji regionlarından biridir. Hal-hazırda, Bakı şəhəri intensiv şəkildə infrastrukturun inkişafı, əhalinin artması, mülki, sənaye və yaşayış binalarının tikintisi olan meqapolis halına gəlmişdir. Bununla yanaşı ərazidə qrunt şəraitinin qeyri-stabilliyi, sürüşmə proseslərinin fəallaşması, seysmik aktivləşmə, əhali arasında seysmik fəlakət və onun törədə biləcəyi fəsadların mahiyyəti haqqında kifayət qədər biliyin olmaması müşahidə olunur. Bu da, Bakı şəhəri üçün daima seysmikliyin və seysmik təhlükənin qiymətləndirilməsinə aid tədqiqatların aparılmasının zəruriliyini göstərir.

 
Bizim tədqiqatımızda zəlzələ təhlükəsinin təhlili tədqiqat ərazisində və qonşu zəlzələ ocaqlarında baş vermiş seysmik hadisələr dünya təcrübəsində mövcud olan deterministik və ehtimal yanaşmalar kompleks şəkildə istifadə edilərək kəmiyyətcə qiymətləndirilmişdir. Bu metodika aşağıda qeyd olunan mərhələlərdən ibarətdir:
 

Hesablamalar tədqiqat ərazisi bərabər kvadratlara bölünərək aparılmışdır. Alınan nəticələr göstərir ki, maksimal təcillər Bakı şəhərinin cənub sahilyanı və şimal-şərqində, eyni zamanda şəhərin mərkəz hissəsində müşahidə olunur. Bundan əlavə, təcillərin maksimal qiymətlərini yaxın və daha uzaq seysmik hadisələr nəticəsində alması müəyyən edilib. Nəzərə alsaq ki, hətta kiçik bir ərazidə seysmik təhlükənin qiymətləndirilməsi üçün geniş ərazidə tədqiqatların aparılması labüddur, təqdim olunan işin mahiyyəti seysmik hadisələrin yazılarının böyük həcmdə istifadəsi ilə Abşeron yarımadasının seysmik təhlükənin öyrənilməsindən ibarətdir. Əldə edilən xəritələrin instrumental materiallar istifadə edilərək daima dəqiqləşdirməsi də əsas şərtdir. Bununla əlaqədar olaraq, hal-hazırda Geologiya İnstitutunda Bakı şəhərinin seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması  istiqamətində instrumental və nəzəri tədqiqatlar aparılır.





02.11.2011     Çap et  Çap et