Ana Səhifə / Haqqımızda / Şöbələr / Dinamiki geologiya şöbəsi

Dinamiki geologiya şöbəsi

Şöbə rəhbəri: AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Kəngərli Tələt Nəsrulla oğlu


Telefon: (+99412) 5394476
Faks: (+99412) 5394476
E-mail: tkangarli@gmail.com

Şöbə 2011-ci ildə Geodinamika və seysmologiya şöbəsinin əsasında təşkil olunmuşdur.

Aparılan tədqiqatların əsas istiqamətləri:

  • Respublika ərazisinin və bütün Qafqaz bərzəxinin yerüstü və dərinlik geoloji-tektonik quruluşunun, eləcə də Yer qabığının formalaşması qanunauyğunluqlarının tədqiqi və təfsiri;
  • Yer qabığı inkişafının əsas mərhələ və dövrlərinin tədqiqi, geodinamik təkamül proseslərinin və Yer qabığının müasir quruluşunun təşəkkülü proseslərinin rekonstruksiyası və modelləşdirilməsi;
  • litosferin ən yeni inkişaf mərhələsini əks etdirən tektonik təzahürlərin və geodinamik proseslərin araşdırılması;
  • seysmik və ekzogen proseslərin təzahüretmə qanunauyğunluqlarının öyrənilməsi, müasir tektonik-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ əlaqələrin müəyyən edilməsi və təhlili, təbii fəlakət risklərinin proqnozlaşdırılması;
  • müxtəlif növ faydalı qazıntıların formalaşması və paylaşması ilə Yer qabığının geoloji-tektonik xüsusiyyətləri arasında qarşılıqlı əlaqələrin tədqiqi;
  • ensiklopedik ümumiləşdirmələrin həyata keçirilməsi, GİS texnologiyalarının tətbiqi ilə müxtəlif geoloji yönümlü xəritələrin və modellərin tərtib olunması və nəşri.


Əsas elmi nailiyyətlər:

  • Respublika ərazisinin geoloji-tektonik quruluşunun və Alp tektonik-geodinamik təkamülünün müasir yanaşmalara əsaslanan yeni modeli tərtib olunmuşdur.
  • Neotektonik hərəkətlərin öyrənilməsi, onların keyfiyyət və kəmiyyət nöqteyi-nəzərindən qiymətləndirilməsi metodikaları işlənib hazırlanmışdır.
  • İsveçrə və Qafqaz mütəxəssisləri ilə birlikdə Qafqazın tektonik quruluşunun 1:500000 miqyasında müasir GİS-əsaslı modeli tərtib olunmuşdur.
  • Xəzəryanı ölkələrin mütəxəssisləri ilə birlikdə Xəzər dənizi və ətraf ərazilərin 1:2500000 miqyasında Beynəlxalq Tektonik Xəritəsi tərtib olunaraq nəşr edilmişdir.
  • Şöbə əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının 1:500000 miqyasında yeni geoloji xəritəsi tərtib olunaraq nəşr edilmişdir.
  • Azərbaycan Respublikasının 1:500000 miqyasında neotektonik xəritəsi tərtib olunaraq nəşr edilmişdir.
  • Azərbaycan Respublikasının və bitişik ərazilərin 1:500000 miqyasında geodinamik əsaslı tektonik xəritəsi tərtib olunmuşdur.
  • Azərbaycan Respublikasının 1:1000000 miqyasında yeni geodinamik əsaslı tektonik xəritəsi tərtib olunmuşdur.
  • Geoloji yönümlü aşağıdakı xəritələr tərtib olunaraq “Azərbaycan Respublikasının Milli Atlası”na daxil edilmişdir: 1:1500000 miqyaslı geoloji, neotektonik və tektonik rayonlaşdırma xəritələri, eləcə də Abşeron yarımadasının və Naxçıvan MR-in 1:250000 miqyaslı geoloji xəritələri.
  • Palçıq vulkanizmi şöbəsinin əməkdaşları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarının 1:1500000 miqyaslı xəritəsi hazırlanaraq “Azərbaycan Respublikasının Milli Atlası”na daxil edilmişdir.
  • Petrologiya şöbəsinin əməkdaşları ilə birlikdə 1:1000000 miqyasında yeni geodinamik əsaslı mineragenik və metallogenik xəritələri tərtib olunaraq nəşr edilmişdir.
  • Azərbaycan Respublikasının yurayaqədər təməlinin səthi üzrə 1:500000 miqyaslı struktur xəritəsi tərtib olunmuşdur.


Şöbə əməkdaşlarının iştirakı ilə aşağıdakı kollektiv elmi əsərlər işıq üzünü görmüşdür:

  1. Xəzər dənizi və ətraf ərazilərin 1:2500000 miqyasında Beynəlxalq Tektonik Xəritəsinin İzahlı kitabçası. Moskva: Nauçnı mir, 2003 (rus dilində);
  2. “Azərbaycanın Geologiyası”, IV cild, “Tektonika”. Bakı: Nafta-Press, 2005 (rus dilində);
  3. F.S.Əhmədbəyli, M.İ.İsayeva, F.Ə.Qədirov, V.V.Korobanov. “Alp-Himalay dağ qurşağının Qafqaz seqmentinin neotektonik mərhələsinin geodinamikası”. Bakı:Nafta-Press, 2010 (rus dilində);
  4. “Şərqi Qafqazın və Cənubi Xəzər çökəkliyinin müasir geoloji və geofiziki problemləri”. Bakı: Nafta-Press, 2012 (ingilis dilində).


Şöbə əməkdaşlarının müəllifliyi altında milli müstəqillik dövründə aşağıdakı elmi əsərlər dərc olunmuşdur:

  1. Ə.Ş.Şıxəlibəyli. “Azərbaycanın Dağlıq Qarabağının geologiyası və faydalı qazıntıları”. Bakı: Elm, 1994 (rus dilində);
  2. Ə.Ş.Şıxəlibəyli. “Azərbaycanın geoloji quruluşunun və tektonikasının bəzi problem məsələləri”. Bakı: Elm, 1996 (rus dilində);
  3. F.S.Əhmədbəyli. “Azərbaycanın neotektonikası və gec orogen geodinamikasının bəzi aspektləri”. Bakı: Nafta-Press, 2004 (rus dilində);
  4. F.S.Əhmədbəyli, A.G.Həsənov. “Azərbaycanın seysmik mərkəzlərinin tektonik növləri”. Bakı: Elm, 2004 (rus dilində);
  5. F.S.Əhmədbəyli. Yer kürəsinin vulkanları və zəlzələləri. Bakı: Nafta-Press, 2011 (rus dilində);
  6. T.N.Kəngərli, Ş.A.Babayev. “Azərbaycan Respublikasının geoloji irsi”. Bakı: “Qoliaf qrup”, 2012 (ingilis dilində);
  7. T.N.Kəngərli, Ş.Ə.Babayev. “Azərbaycan Respublikasının geoloji irsi”. Bakı: Nafta-Press, 2013 (Azərbaycan və rus dillərində).


Beynəlxalq əlaqələr və əməkdaşlıq:

  • Aparılan elmi tədqiqatlar çərçivəsində yaxın və uzaq xaricin aşağıdakı elmi araşdırma mərkəzləri ilə səmərəli əməkdaşlıq qurulub və həyata keçirilir: Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu və REA-nın Dağıstan filialı, VSEGİNGEO (Rusiya Federasiyası), Gürcüstanın Geologiya və Geofizika institutları, Ukrayna Milli Elmlər Akademiyasının Geoloji Elmlər İnstitutu, Orta Şərq Texniki Universiteti (Türkiyə), Kil Universiteti (Böyük Britaniya), P. və M.Küri Universiteti və N.-S. Antipolis Universiteti (Fransa), Friburq Universiteti (İsveçrə), Kaliforniya Universiteti (ABŞ).
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində beynəlxalq və milli fondların maliyyə dəstəyi ilə bir neçə elmi-tədqiqat proqramı (MEBE, DARIUS, SNRS) və qrant layihələri (INTAS, SRDF, STCU, SCOPES) həyata keçirilmişdir.
  • Şöbənin ayrı-ayrı əməkdaşları Geoloji İrsin Mühafizəsi üzrə Avropa Assosiasiyasının (ProGEO), Beynəlxalq Mineral Ehtiyatlar Agentliyinin (MinPRO),Geoloji Elmlər üzrə Avropa İttifaqının (EGU), Amerikanın Geofiziklər İttifaqının (AGU) fərdi üzvləridir.