Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Haqqımızda / Şöbələr / Azərbaycan Milli Məlumat Mərkəzi (CTBTO)
Azərbaycan Milli Məlumat Mərkəzi (CTBTO)
CTBTO - Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə (NSHQM) 10 sentyabr 1996-cı ildə BMT-nin Ümumi Assambleyasının 50-ci sessiyasında qəbul olunmuş və 24 sentyabr 1996-cı ildən imzalanmağa açılmışdır.
Bu müqavilə hələ 1963-cü ildə qəbul olunmuş Nüvə silahı sınaqlarının atmosferdə, kosmik fəzada və su altında aparılmasını qadağan edən müqaviləni daha da genişləndirərək ümumiyyətlə bu növ sınaqların aparılmasını qadağan edir.
CTBTO hazırlıq komissiyası və onun müvəqqəti texniki katibliyi 1996-cı ildə yaradılmış və komanda məntəqəsi Vyana, Avstriyada yerləşir.
Hal-hazırda bu müqaviləni mövcud olan 196 ölkədən 186 ölkə imzalamışdır. Qüvvəyə minməsi üçün nüvə texnologiyasına malik olan 44 ölkənin bu müqaviləni imzalaması və ratifikasiya etməsi tələb olunur. Səkkiz dövlət: Misir, İsrail, Hindistan, İran, Çin, Pakistan, Şimali Koreya və ABŞ hələ də bunu etməmişlər. Müqavilə 174 ölkə tərəfindən ratifikasiya edilmişdir (həmçinin 44-dən 36-sı). Hindistan, Pakistan və Şimali Koreya isə ümumiyyətlə müqaviləni imzalamamışlar.
CTBTO qarşısında duran əsas məsələ bütün dünyanı əhatə edən 337 stansiyadan ibarət Beynəlxalq monitorinq sisteminin yaradılmasıdır. 300-dən artıq stansiya artıq qurulmuşdur.
Bu sistem vasitəsilə yaradılan şəbəkə sayəsində nüvə sınaqları ilə əlaqədar olan hadisələri aşkar etmək mümkündür.
- 50 əsas və 120 köməkçi seysmik stansiya;
- 11 hidroakustik stansiya – okenlarda akustik dalğaları qeyd edir.
- 60 infrasəs stansiyası – çox kiçik tezlikli səs dalğalarını aşkar etmək üçün mikrobaroqraflardan (akustik təzyiq qurğuları) istifadə edilir;
- 80 radionuklid stansiyasi - əsasən nüvə və ya istilik-nüvə partlayışları zamanı yaranan xüsusi izotopların aşkar edilməsi üçün havadan nümunə götürə bilən avadanlıqlar;
- 16 radionuklid laboratoriyası – radionuklid stansiyalarından əldə olunan nümunələrin analizi məqsədli.
Bütün stansiyalardan əldə olunan məlumatlar Beynəlxalq Məlumat Mərkəzinə ötürülür (Vyana) və hər bir üzv ölkə, o cümlədən, Azərbaycan Milli Məlumat Mərkəzi bu məlumatları əldə etmək üçün bərabər və birbaşa imkana malikdir.
CTBTO imzalanmağa açıldıqdan sonra 2006, 2009, 2013, 2016 (2 dəfə) və 2017-ci illərdə Şimali Koreya 6 nüvə sınağı həyata keçirmişdir. 2016-cı ildə keçirilən sınağın maqnitudu ABŞ Geoloji Xidməti tərəfindən 5.1 olaraq qiymətləndirilmişdir. İlk Şimali Koreya hidrogen bombası sınağı 2017-ci ilin sentyabr ayında aparılmış və 120 kiloton dağıdıcı gücə malik olmuşdur.
Azərbaycan Respublikası tərəfindən 28 iyul 1997-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqaviləni (NSHQM) imzalamış, 1999-cu il 2 fevral tarixində ratifikasiya edilmiş və 30 iyun 2000-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) o zamanlar Geologiya İnstitutu (hal-hazırda, Geologiya və Geofizika İnstitutu) NSHQMT-nin (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzi təyin edilmişdir (AMMM). Mütəmadi olaraq, bu Mərkəzin maddi-texniki bazasının yaxşılaşdırılması və sistemlərin fasiləsiz işlənilməsi üçün Avstriyanın Vyana şəhərində yerləşən NSHQM (CTBTO) mərkəzi təşkilatı tərəfindən monitorinq avadanlıqları və cihazlar göndərilir və quraşdırılır.