Ana Səhifə / Haqqımızda / Şöbələr / Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi

Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi

Şöbə rəhbəri: Yer elmləri üzrə fəlsəfə doktoru Bayramova Şəfəq Şəmsəddin qızı

Telefon: (+99412) 5100141
Faks: (+99412) 5372285
E-mail: shafaqbayram@rambler.ru

Azərbaycanda paleontoloji-stratiqrafik tədqiqatların əsası keçən əsrin 20-ci illərində – neftli-qazlı pliosen çöküntülərinin stratiqrafiyasının ətraflı işlənilməsi məqsədilə ilk dəfə mikropaleontoloji tədqiqatların aparıldığı dövrdə qoyulmuşdur.

Bu istiqamətin intensiv inkişafı XX əsrin 50-ci illərinə, Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda akademiklər M.M.Əliyevin və Q.Ə.Əlizadənin rəhbərliyi altında “Paleontologiya və stratiqrafiya” şöbəsinin yaradıldığı dövrə təsadüf edir.


Şöbənin tədqiqatlarının əsas elmi istiqamətləri:
  • irimiqyaslı geoloji xəritələşdirmə üçün stratiqrafik əsasın hazırlanması, Azərbaycanın fanerozoyunun geoxronoloji və geoxronometrik cədvəllərinin detallaşdırılması;
  • stratiqrafiyanın yeni metodlarının: seysmostratiqrafiya, sekvens-stratiqrafiya, hövzə stratiqrafiyası, maqnitostratiqrafiya, geokimyəvi stratiqrafiya və iqlim stratiqrafiyasının inkişafı; nadir paleontoloji və stratiqrafik obyektlərin aşkar edilməsi və qorunması;
  • paleocoğrafi, paleoiqlim və paleotektonik çöküntütoplanma şəraiti, çöküntü hövzələrinin öyrənilməsində paleontoloji-stratiqrafik əsasların işlənilməsi;
  • üzvi aləmin təkamülünün öyrənilməsi;
  • paleoekologiya və paleozoocoğrafiya;
  • riyazi metodların və digər informasiya texnologiyalarının stratiqrafik və paleontoloji tədqiqatlarda tətbiqi. 

Şöbənin mövcud olduğu yarım əsr müddətində onun əməkdaşları tərəfindən Azərbaycanın struktur-fasial zonaları üzrə fanerozoyun regional stratiqrafik sxemləri hazırlanmış, Azərbaycanın paleofaunasının arxistratiqrafik qrupları (ammonitlər, belemnitlər, foraminiferlər və b.), mərcanlar, dəniz kirpiləri, qarınayaqlılar və ikitayqabıqlı molyusklar, braxiopodalar, kaynozoyun florası və s. öyrənilmişdir. Respublikanın təbaşir çöküntülərini öyrənən Azərbaycan paleontoloqlarının çoxillik tədqiqatlarının yekunu olan “Azərbaycanın təbaşir faunası” və “Azərbaycanın dördüncü Dövr (kvarter) sisteminin paleontoloji atlası” adlı unikal monoqrafik əsərlər yaradılmışdır. Respublika ərazisinin stratiqrafik öyrənilməsi üzrə böyük faktiki material toplanmış və iki hissədən ibarət “Azərbaycanın stratiqrafiyası” (“Azərbaycanın geologiyası” 8 cildli əsərin I cildi) çap olunmuşdur.

Azərbaycanın fanerozoyunun paleocoğrafi xəritələri (44 xəritə) atlası tərtib olunmuşdur. Azərbaycanın geoxronoloji sxemi işlənib çap olunmuşdur. “Azərbaycanın neftli-qazlı komplekslərinin stratiqrafik atlası” tərtib olunmuş və nəşr edilmişdir.

Mikroelementlər və oksigen izotoplarının faunanın müxtəlif qruplarında paylanması qanunauyğunluqları və mühitin bionomik şəraitinin dəqiqləşdirilməsində onların rolu, Azərbaycanın təbaşir və kaynozoy hövzələrinin paleotemperaturları müəyyən edilmişdir.

Şöbənin alimləri aparıcı xarici universitetlər, elmi mərkəzlər və şirkətlərlə müştərək layihələr həyata keçirərək, Azərbaycanın neftli-qazlı bölgələrinin və ayrı-ayrı regionlarının stratiqrafiyası və faunasının tədqiqi üzrə beynəlxalq əməkdaşlığı inkişaf etdirirlər.