Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də GƏNCLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası gənclərin növbəti elmi seminarını keçirib.
Seminarı giriş sözü ilə açan İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev təqdimat üçün sözü magistrant Aynur Əliyevaya verib.
Aynur Əliyeva “Cənub-Şərqi Qafqazın üst yura çöküntülərinin mikrofaunası və stratiqrafiyası (Cimiçay çayı hövzəsinin timsalında)” mövzusunda (elmi rəhbər yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramova) təqdimatla çıxış edib. Tədqiqat işindən əsas məqsəd Böyük Qafqazın cənub-şərq sahəsinin üst Yura çöküntülərinin biostratiqrafiyasının və mikrofaunasının öyrənilməsi, onlarda aşkar edilən fauna qalıqlarının paylanma qanunauyğunluqlarının izlənilməsi və onların tədqiqi əsasında müəyyən edilmiş stratiqrafik bölgülərin verilməsidir.
Sonra magistrant Ülkər Abdullayeva “Siyəzən üstəgəlmə zonasının geoloji-tektonik quruluşunun xüsusiyyətlərinin tədqiqi (Cənub-Şərqi Qafqaz)” mövzusunda araşdırmalarını təqdim edib. Bu işdən məqsəd Cənub-Şərqi Qafqaz strukturunda Siyəzən dərinlik yarılma (üstəgəlmə) zonasının mövqeyi və daxili quruluş xüsusiyyətlərinin dəqiqləşdirilməsindən ibarətdir.
Son olaraq magistrant Nərmin Əliməmmədzadənin “Cənub-Şərqi Qafqazın Şahdağ-Xızı zonasının şimal cinahına aid tektonik örtüklərin xüsusiyyətlərinin tədqiqi (Qudyalçay-Tuqçay çayları arası)” mövzusunda çıxışı dinlənilib. Təqdim edilən elmi-tədqiqat işi Cənub-Şərqi Qafqazın Yan sırt (silsilə) qalxımının Azərbaycan hissəsinin struktur vahidlərindən biri olan Şahdağ-Xızı zonasının geoloji quruluşunun xüsusiyyətlərinə həsr edilib.
Tədbirdə hər üç təqdimatda qeyd olunan elmi mülahizələr iştirakçılarda maraq yaradıb. Həmçinin məruzələrə dair çoxsaylı suallar cavablandırılıb.