Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
TBİLİSIDƏ “DAĞLIQ QARABAĞIN GEOLOGİYASI VƏ FAYDALI QAZINTILARI” KİTABI GÜRCÜ DİLİNDƏ ÇAP OLUNUB
Tbilisinin “Universal” nəşriyyatında “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” monoqrafiyası gürcü dilində çap olunub.
Geologiya və Geofizika İnstitutunun əməkdaşı, BDU-nun “Faydalı qazıntılar” kafedrasının professoru olmuş geologiya-mineralogiya elmləri doktoru Cəbrayıl Əbdüləli oğlu Azadəliyevin (1935-2022) müəllifi olduğu kitabda mürəkkəb geoloji quruluşu və zəngin yeraltı sərvətləri ilə olan Dağlıq Qarabağın geoloji-tektonik mövqeyi, struktur-formasion zonalar üzrə antiklinorilərin, sinklinorilərin, köndələn çökəklərin, qalxıntıların quruluşu tədqiq olunub.
Monoqrafiyada Kiçik Qafqaz regionunun Azərbaycan Respublikası hissəsində (Naxçıvan Respublikası istisna olunmaqla) yerləşən faydalı qazıntı yataqları, onların geologiyası, genezisi ilə yanaşı, faydalı qazıntı kütləsinin ehtiyatı haqqında məlumatlar öz əksini tapıb. Kitabı nəzəri və təcrübi əhəmiyyət kəsb edən elmi əsərdir.
Qeyd edək ki, Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Qərbi Azərbaycanın Qafan rayonunun Mahmudlu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Geoloji çəkiliş və faydalı qazıntı yataqlarının axtarışı” şöbəsini bitirib. 1959-cu ilin iyun ayından akademik Mirəli Qaşqayın şəxsi təşəbbüsü ilə Geologiya İnstitutuna (indiki Geologiya və Geofizika İnstitutu) təyinat alıb, 1961-ci ildə əyani aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi kimi fəaliyyət göstərib. 1986-cı ildən Metasomatizm və filizəmələgəlmə şöbəsinə rəhbərlik edib. 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, dərslik və dərs vəsaitlərinin, eləcə də bakalavr və magistrlər üçün tədris proqramlarının müəllifi olub. O, "Azərbaycanın geologiyası" çoxcildiyinin (rus dilində) VI cildinin (2003, 2005) redaksiya heyətinin üzvü, "Azərbaycanın geologiyası"nın III cildində (2015) "Bərk faydalı qazıntılar" bölməsinin müəllifi olub.
Səmərəli elmi və ictimai fəallığı ilə seçilən alim “Tərəqqi” medalı və AMEA-nın fəxri fərmanları ilə təltif olunub.
P.S. Tbilisinin “Universal” nəşriyyatında “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” monoqrafiyasının gürcü dilində çap olunması xəbəri AZƏRTAC-da və “Xalq qəzeti”ndə də dərc edilib.