Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Feb 2013 Diqər xəbərlər Diqər xəbərlər

CƏNUBİ QAFQAZIN GEOLOGİYASINA DAİR LAYİHƏNİN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun əməkdaşları – Petrologiya şöbəsinin rəhbəri, akademik Arif İsmayılzadə, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli və gənc elmi işçi Fuad Əliyev Gürcüstanın paytaxtı Tiflis şəhərinə işgüzar səfər etmişlər. Nodia adına Geofizika İnstitutunda Azərbaycan, Gürcüstan və Fransa alimlərinin iştirakı ilə keçirilmiş görüşdə “Cənubi Qafqaz üzrə geologiya elmləri” adlı 3 illik layihənin yekunları müzakirə edilmişdir.

Qeyd edək ki, layihə Azərbaycan və Gürcüstanın milli elmlər akademiyaları ilə Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında 2009-cu ildə imzalanmış saziş çərçivəsində həyata keçirilirdi. 2012-ci ildə başa çatmış layihənin məqsədi Cənubi Qafqazda Alp dövründə baş vermiş tektonik və geodinamik proseslərin tədqiqi olmuşdur. Birgə elmi tədqiqatların rəhbəri Fransanın Nitsa şəhərində yerləşən Nays Sofiya Antipolis Universitetinin professoru Mark Sosson idi.

Görüşdə layihənin nəticələrinə dair məruzələr dinlənilmişdir. Geologiya İnstitutunun təmsilçiləri Kiçik Qafqazın Azərbaycan hissəsinin geodinamikası və metallogeniyası üzrə aparılmış tədqiqatların yekunlarına dair  məruzə ilə çıxış etmişlər. Məruzə və müzakirələrdən sonra, toplantı iştirakçıları layihəni və tədqiqatları davam etdirmək qənaətinə gəlmişlər. Müştərək işlərin daha da genişləndirilməsi, bu məqsədlə layihəyə Rusiya, Ukrayna, Türkiyə və İran mütəxəssislərinin də cəlb olunması məqsədəuyğun sayılmış və müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.