Gİ-nin əsərləri


MEZOZOYDA TETİSİN QAFQAZ KONTİNENTAL KƏNARININ AZƏRBAYCAN SEQMENTİNİN GEODİNAMİK TƏKAMÜLÜ

(M.A.Mustafayev)



Xülasə

 
 
İşdə Mezotetisin Kiçik Qafqaz okean hövzəsinin kontinental kənarlarının mezozoy vulkanik komplekslərinin struktur, petrogeokimyəvi və geodinamik xüsusiyyətlərinə baxılmışdır. Müəyyən olunmuşdur ki, Azərbaycanın kənar-kontinental vulkanizmi və plutonizmi Mezotetisin yaranması və yox olması ərzində erkən yuradan gec təbaşirə kimi təkamül etmişdir. Bu vaxt ərzində müxtəlif formasiyalı və seriyalı vulkanik assosiasiyalar əmələ gəlmiş, onların həcmi və tərkibi isə xeyli dərəcədə sıxılma və gərilmə endogen rejimlərin dinamikası və xarakteri ilə təyin olunmuşdur. Endogen rejimlərin ardıcıl olaraq bir-birilə əvəz olunması strukturəmələgəlmə, petroloji-geodinamik xüsusiyyətlərilə fərqlənən maqmatik süxur assosiasiyalarının və müxtəlif genetik tipli filiz yataqlarının formalaşması ilə ifadə olunmuşdur. Mezozoy maqmatik fəaliyyətdə zonallıq müəyyən edilmişdir. Şimal, Cənub və Mərkəzi olmaqla üç vulkan zonası (qurşağı) ayrılmış və sübut olunmuşdur, onların hər birinin özünəməxsus geodinamik re­jim, maqmatizm və metallogeniya ilə səciyyələnməsi vurğulanmışdır. Ayrılmış vulkanik qurşaqlara mezozoyda okean/kontinent qovuşma zonası olmaqla okean və subokean hövzələri, adalar qövsü, rift strukturları, regional yarılmaları, tikiş və seysmofokal zonaları özündə birləşdirən qərbi-sakit okean tipli fəal kontinental kənarın fraqmenti kimi baxılmışdır. Seysmofokal səth üzərində mezozoy maqmatizminin böyük hissəsi formalaşmış və əsasən adalar qövsü geodinamik şəraitdə baş vermişdir. Məhz ona görə də sonda mezozoy maqmatik komplekslərinin subduksiyaüstü vulkanizmin əlamətləri ilə xarakterizə olunması qənaətinə gəlinmişdir.