Xəbərlər


QARABAĞIN FAYDALI QAZINTI YATAQLARI ƏSL SAHİBİNƏ QAYTARILACAQ

 
23 oktyabr 2020-ci il

Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə ciddi ziyan vurmuşdur. Azərbaycan üçün qəbuledilməz olan bu faktlar nəzərə alınaraq Geologiya və Geofizika İnstitutunda (GGİ) AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin və geologiya-mineralogiya elmləri doktoru, professor Musa Məmmədovun “Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq yamacı və Talış zonasının struktur-maddi komplekslərinin müxtəlif strateji xammal perspektivliyinin elmi qiymətləndirilməsi” və AMEA-nın müxbir üzvü Çingiz Əliyevin “Dağlıq Qarabağın azad edilmiş ərazilərində müasir texnologiyadan istifadə etməklə radioaktiv çirklənmə ocaqlarının müəyyənləşdirilməsi və tədqiqi” mövzuları çərçivəsində aparacaqları elmi-tədqiqatlarla bağlı məlumat Elmi şurada dinlənilərək təsdiqlənib.

Kiçik Qafqazın şimal-şərq yamacında və Talış zonasında yayılmış titanli maqnetit qumdaşlarında və titanlı maqnetit-avgit qumlarında srateji əhəmiyyətli titan və vanadium elementlərinin daşıyıcılarının müəyyən edilməsi məqsədi ilə konkret tədqiqatların aparılması nəzərdə tutulur. Belə ki, titan və vanadium elementlərinin daşıyıcılarının yayılma areallarının təyini və buna uyğun olaraq müvafiq geoloji sxemlərin tərtibi və onlarin yüksək anomaliyalarının çöl şəraitində tədqiqi, titanlı maqnetit qumdaşlarında və titanlı maqnetit-avgit qumlarında titan və vanadium elementlərinin daşıyıcılarının faza tərkiblərinin təyin olunması, alınmış titanlı maqnetit fraksiyalarında tədqiq olunan elementlərin davranış formasının filiz mikroskopu, rentgendifraktometrik, rentgen-spektral analiz üsullarının köməyi ilə araşdırılması və digər işlər planlaşdırılır.

İkinci elmi tədqiqat işinin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə radioekoloji çirklənmə səviyyəsinin qiymətləndirilməsi, təhlükə mənbələrinin (“qaynar nöqtələrin”) müəyyənləşdirilməsi və onların ləğv olunması üzrə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsidir.

Elmi tədqiqat işi çərçivəsində, ilk növbədə, müasir mobil texnologiyaların tətbiqi ilə ərazidə radioekoloji monitorinqin təşkil edilməsi və ekoloji vəziyyətin ümumi şəkildə qiymətləndirilməsi və “qaynar nöqtələrin” aşkar edilməsi planlaşdırılır. Sonrakı mərhələlərdə isə işğaldan azad edilmiş ərazilərdə lokal olaraq radiometrik olçmələrin aparılması və təhlil oluması, həmçinin, səthi və yeraltı sularda radioekoloji vəziyyətin öyrənilməsi, əsas radioloji çirklənmə mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur.

Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşunun son dərəcə mürəkkəbliyi və müxtəlifliyi burada geniş spektrə malik istər endogen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların yayılmasına səbəb olmuşdur. Onlar şərti olaraq metal (filiz), qeyri-metal və yanar faydalı qazıntılara bölünür.

XX əsr ərzində, xüsusən də onun ikinci yarısında Azərbaycan geoloqları tərəfindən Qarabağın işğal edilmiş ərazisində bir sıra qara, əlvan və nəcib metal, karbohidrogen (daşkömür), habelə müxtəlif növ tikinti materialı yataqları aşkar və kəşf edilmişdir. Sənaye əhəmiyyətli yataqlar siyahısının artırılma potensialı keçmiş müddət ərzində aşkar edilmiş və “P” kateqoriyası ilə proqnoz resursları qiymətləndirilmiş çoxsaylı filiz və qeyri-filiz mineral xammal təzahürləri ilə müəyyən edilir.

Metal faydalı qazıntılar xrom, mis, polimetal, qızıl, civə və sürmə yataqları ilə təmsil edilir. Filizlərin tərkibində əsas metallarla yanaşı həmçinin gümüş, molibden, nikel, vismut, tellur, selen, kadmium və s. qiymətli metallar müşahidə edilir. Adı çəkilən filiz yığımlarından ən çox əhəmiyyət kəsb edən qızıl yataqlarıdır ki, bunlardan da Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilmiş, bununla da iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur.

Bir sıra xromit, mis, qızıl, civə, molibden və mərgümüş təzahürləri əhəmiyyətli sənaye potensialına malik olub əlavə dəqiq tədqiqatlar tələb edir.

Ehtiyatları təsdiq edilmiş qeyri-metal faydalı qazıntı yataqları işğal edilmiş Qarabağ ərazisində dağ-kimyəvi (kükürd kolçedanı, soda xammalı, litoqraf daşı), xammal, qiymətli-ziynət (jadeit, əqiq, obsidian (dəvə gözü), nefritoidlər) və ziynət (yəşəm, mərmər oniksi, felzit tufu, listvenit) daşları, həmçinin ümumi ehtiyatları on milyon kubik metrlərlə ölçülən mişar, üzlük və inşaat daşları, sement xammalı, büzücü maddələr, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə təmsil edilir. Bunlardan bir çoxu (Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmələşmiş əhəngdaşı yataqları, Çıldıran felzit tufu yatağı, Edişə qabbro-teşenit yatağı, hər iki Çiləbürt gəc yataqları və s.) hazırda intensiv olaraq ermənilər tərəfindən istismar edilmiş, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılmışdır. Yanar faydalı qazıntılardan dağlıq ərazidə kiçik miqyaslı Çardaqlı daş kömür yatağı kəşf edilmişdir.

Qeyri-metal xammal ehtiyatlarının potensialı sənaye əhəmiyyətli proqnoz resurslara malik çoxsaylı xalsedon, yəşəm, mərmər oniksi, kopal, mərmər, serpentinit, İslandiya şpatı, pyezokvars, müxtəlif inşaat materialları və digər faydalı qazıntı təzahürləri ilə artırılır.

Geoloq alimlərimiz tam əmindirlər ki, işğaldan tam azad edilməkdə olan Qarabağ ərazisinin yeraltı sərvətləri də digər maddi və mənəvi nemətlər kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və qətiyyəti sayəsində tezliklə əsl sahibinə qaytarılacaq.


Tələt KƏNGƏRLİ, AMEA-nın müxbir üzvü,
Geologiya və Geofizika İnstitutu Regional geofizika, geodinamika və metallogeniya seksiyasının rəhbəri.

Tel.:(050) 346 65 85