Xəbərlər


GGİ ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB

 
19 oktyabr 2020-ci il

Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutun direktoru akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq Azərbaycan xalqının hazırda iki düşmənlə - erməni təxribatçıları və koronavirus pandemiyası ilə üz-üzə durduğunu, müzəffər ordumuzun Vətən uğrunda qəhrəmancasına döyüşdüyünü, nəticədə torpaqlarımızın qismən azad edildiyini qeyd edib. İclasda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra akademik Akif Əlizadə iclasın gündəliyini elan edib.

AMEA Neft və Qaz İnstitutunun Neft-qaz geofizikası şöbəsinin rəhbəri geologiya-mineralogiya elmləri doktoru Namaz Yusubov “Regional seysmik işlərin nəticələri əsasında Azərbaycanın ərazisi hüdudlarında çöküntü kompleksinin geoloji quruluşu və həndəsi parametrləri haqqında əldə edilmiş yeni məlumatlar” mövzusunda elmi məruzə edib.
Məruzəçi Orta Kür, Aşağı Kür, Orta Xəzər və Cənubi Xəzər (Azərbaycan sektorları) çökəkliklərində və Quba-Xəzəryanı neftli-qazlı rayonunda (NQR) seysmik kəşfiyyatın ümumi dərinlik nöqtəsi üsulunun (ÜDNÜ) tətbiqilə tərtib edilmiş zaman kəsilişlərinin seysmostratiqrafik analizinin aparıldığını, bir sıra yeni geoloji məlumatların aşkarlandığını bəyan edərək tədqiqat ilə bağlı yeni fikirlər səsləndirib. Namaz Yusubov həmçinin iclas iştirakçılarının məruzəyə aid çoxsaylı suallarını cavablandırıb.

Sonra akademik Akif Əlizdə GGİ-nin 2020-2030-cu illər üzrə prioritet istiqamətləri haqqında, həmçinin bərpa olunan enerji mənbələri və mineral xammalın tətbiqi texnologiyasının işlənilməsi istiqamətlərində müştərək fənlərarası tədqiqatların aparılması ilə bağlı “Xalq qəzeti”ndə elan edilməsi müsabiqə barədə məlumat verib.

İnstitutda müdafiə tematikası üzrə “Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq yamacı və Talış zonasının struktur-maddi komplekslərinin müxtəlif strateji xammalların perspektivliyinin elmi qiymətləndirilməsi” (AMEA müxbir üzvü Tələt Kəngərli və g.-m.e.d., professor Musa Məmmədov) və “Dağlıq Qarabağın azad edilmiş ərazilərində müasir texnologiyadan istifadə etməklə radioaktiv çirklənmə ocaqlarının müəyyənləşdirilməsi və tədqiqi” (AMEA müxbir üzvü Çingiz Əliyevin) mövzuları çərçivəsində aparılacaq elmi-tədqiqatlarla bağlı məlumat dinlənilib.

İclasda daha sonra “Geoservice GGİ” Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması ilə bağlı Elmi şuranın 28 fevral 2020-ci il tarixli qərarının icrası haqqında (g.-m.e.n. Samir Məmmədov), “Azərbaycanın paleontoloji muzeyi” çərçivəsində yerinə yetirilən elmi-tədqiqat işinin gedişatı haqqında (b.e.n. Tariel Eybatov, y.e.f.d. Şəfəq Bayramova), Milli məlumat mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında (akademik Fəxrəddi Qədirov, y.e.e.d. Qulam Babayev), GGİ-nin redaksiya-nəşriyyat (“ANAS Transactions”, “Neftli-qazlı hövzələrin stratiqrafiya və sedimentolo-giyası”) fəaliyyəti barədə (akademik Fəxrəddin Qədirov, AMEA müxbir üzvü Elmira Əliyeva, y.e.e.d. Qulam Babayev), “Geologiya və Geofizika İnstitutu kütləvi informasiya vasitələrində” mövzusunda (GGİ İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli) məruzələr maraqla dinlənilib.

İclasda magistratura üzrə kadr hazırlığına dair (y.e.f.d. Səadət Ələkbərova) məsələlərdən danışılıb. 2020/2021-ci tədris ilinin magistrantı Nazim Əliyevin “Geologiya mühəndisliyi” ixtisası üzrə magistr dissertasiyasının mövzusu və elmi rəhbəri təsdiq edilib. İnstitutun II kurs magistrantlarının attestasiyasının yekunları barədə məlumat da Elmi şuranın üzvlərinin diqqətinə çatdırılıb.