Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də GƏNC ALİMLƏRİN NÖVBƏTİ SEMİNARI PALEOCOĞRAFİYA MÖVZUSUNA HƏSR EDİLİB
Geologiya və Geofizika İnstitutu gənc alim və mütəxəssislərinin növbəti elmi seminarı Paleocoğrafiya mövzusuna həsr edilib. Seminarda İnstitutun baş direktoru Akif Əlizadə iştirak edib.
Tədbiri giriş sözü ilə açan İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri Emin Quliyev “Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası” şöbəsinin elmi işçisi Elnarə Rzayeva “Gec Miosen epoxasının mikrofauna kompleksi-paleocoğrafi şəraitin dəyişmə indikatorları kimi (Qobustan)” adlı məruzə ilə çıxış edəcəyini bildirib.
Gənc mütəxəssis E.Rzayeva Qobustan NQR Üst Miosen çöküntülərinin mikrofauna kompleksi və onların neftli-qazlı hövzələrin stratiqrafik bölgüsündə tətbiqi, eyni zamanda paleocoğrafi şəraitin dəyişməsində indikator rolu haqqında məlumat verib. Bildirib ki, Qobustan NQR Miosen çöküntülərinin mikrofauna analizlərinin nəticələrinə əsasən Üst Miosen çöküntüləri (Sarmat, Meotis, Pont) üçün səciyyəvi mikrofauna kompleksi (ostrakod, foraminifer, balıq dişləri, əhəngli yosun qalıqları) ayrılıb. Təyin olunmuş mikrofauna kompleksinə əsasən ərazinin Miosen çöküntülərinin biostratiqrafik bölgüsü aparılıb.
Məruzəçi həmçinin ətraf mühit amillərinin dəyişməsinə cavab reaksiyası verən mikrofauna nümayənlərinin indikator rolu haqqında məlumat təqdim edib və vurğulayıb ki, rəhbər və tranzit formalar ayrılıb. Eləcə də Üst Miosen epoxasının hər bir mərtəbəsi üçün paleocoğrafi şəraitin dəyişmə xəritələri təqdim olunub.
Məruzəçi E.Rzayeva tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.